10 Aprel 19:36
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü və dəstəyi ilə Ramazan bayramı münasibətilə Sabunçu rayonunun Nardaran, Maştağa, Bilgəh və Zabrat qəsəbələrində yaşayan sakinlər, o cümlədən şəhid ailələri, qazilər, aztəminatlı ailələr və ağsaqqallar üçün növbəti dəfə bayram süfrəsi təşkil edilib. Ümumilikdə 2000-ə yaxın sakinin iştirak etdiyi bayram süfrəsi qadınlar üçün Maştağanın Cümə məscidində, kişilər üçün isə “Görüş” sadlıq sarayında hazırlanıb.

Teleqraf.com xəbər verir ki, ənənəvi olaraq təşkil edilən bayram mərasimində Eldar Quliyevlə yanaşı, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat əməkdaşları, Sabunçu rayonunun idarə və təşkilatlarının nümayəndələri, həmçinin nüfuzlu ağsaqqallar iştirak ediblər.

Din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunduqdan sonra mərasimdə çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev hər kəsi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək tutulan orucların, edilən ibadətlərin və duaların uca Allah dərgahında qəbul olunmasını diləyib. Bu cür bayram süfrələrinin suveren Azərbaycanın hər bir şəhər və rayonunda, o cümlədən, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin başçılığı ilə rəşadətli Ordumuzun düşmən işğalından azad etdiyi dədə-baba yurdumuzda da təşkil olunduğunu qeyd edib. O, həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən genişmiqyaslı səmərəli işlərdən, vətəndaşlarımıza, xüsusilə şəhid ailələrinə, qazilərə, o cümlədən aztəminatlı ailələrə göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

Eldar Quliyev nitqinə hesabat xarakterli çıxışla davam edərək deputat seçildiyi Sabunçu rayonunun Nardaran, Maştağa, Bilgəh və Zabrat qəsəbələrində görülən işlərdən bəhs edib. Bildirib ki, bu illər ərzində rayonda bir çox məsələlər, o cümlədən işıq, qaz və avtomobil yolları bağlı problemlər öz həllini tapıb, poliklinika, xəstəxana və məktəb təmir edilib, Maştağa qəsəbəsində böyük park salınıb və digər bir çox işlər həyata keçirilib. Əlavə edib ki, hər zaman seçicilərlə sıx ünsiyyət saxlayıb, sakinlərin, xüsusilə də şəhid ailələrinin, qazilərin və aztəminatlı ailələrin qayğıları ilə maraqlanıb, onlara mütəmadi olaraq yardımlar göstərilib. Sakinlər tərəfindən ona ünvanlanan heç bir ərizəyə, müraciətə laqeyd yanaşılmayıb, qaldırılan bütün məsələlər nəzarətdə saxlanılıb və bu problemlərin, demək olar ki, hamısı aidiyyatı qurumlarla birgə həll edilib. Eldar Quliyev, həmçinin, vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, hər bir dövlət qulluqçusu xalqın xidmətçisidir, bu baxımdan da insanlara diqqət və qayğı ilə yanaşaraq onlara xidmət göstərmək bizim əsas vəzifəmizdir. Sonda o, bir daha sakinləri müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edərək bildirib ki, uzun illərdir Sabunçu rayonunda yaşadılan bu gözəl ənənələr bundan sonra da davam etdiriləcəkdir.

Mərasimdə çıxış edən qazilər və digər natiqlər tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edərək, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə mütəmadi olaraq həyata keçirilən bu xeyirxah əməlləri, görülən işləri alqışlayıblar. Həmçinin vurğulayıblar ki, xalqımızın milli-mənəvi və dini dəyərlərinə hər zaman yüksək diqqət ayıran Ümummilli Liderimiz Heydər Əliyevin bu şərəfli missiyasını hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir.

Bayram süfrəsində iştirak edən sakinlər vətəndaşlarımıza daim böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və bayram süfrəsinin təşkil edilməsində əziyyəti olan hər bir kəsə öz minnətdarlıqlarını bildiriblər.


Müəllif: Tapdıq Qurbanlı