30 Noyabr 2020 16:40
1 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə birinci kurs tələbəsi Pərviz Məhəmmədovun onlayn dərs zamanı bayraqla rəqsinə görə Bakı Dövlət Universitetindən (BDU) qovulması cəmiyyət arasında böyük səs-küyə səbəb oldu. Tələbə universitetə geri qaytarılsa da, müzakirələr davam edir.

Mövzu ilə bağlı Teleqraf.com-a danışan psixoloq Vəfa Əkbər hesab edir ki, universitet tələbəni qovmaq əvəzinə, hadisə baş verəndən onunla danışıq aparmalı idi:

“Hazırda çox həssas dövrdür. Müharibəni təzəlikcə geridə qoymuşuq, insanlar bir bayraq altında toplaşıb, həmrəy olub, bayrağı müqqəddəsləşdiriblər. Bu zaman bayrağa qarşı hansısa hörmətsizlik, yüngül münasibət belə təhqir və qeyri-məqbul hərəkət hesab olunur.

Əvvəllər belə olmayıb, amma indi hər birimiz üçün həssas dövrdür. Mən o tələbənin niyyətinin pis olduğunu düşünmürəm. Burada birinci kurs tələbəsindən söhbət gedir. Xaricdə ruh rəqsi var. Gənclər başlarına bəyaz örtük keçirib, ruh obrazında oynamağı əyləncə kimi edirlər. Düşünürəm ki, bu tələbə də sadəcə onu imitasiya etməyə çalışıb.

BDU kimi böyük universitetin ilk anda atdığı addım məni çox məyus etdi. Çünki mən özüm də o universitetin tələbəsi olmuşam. Belə universitetin sərt və radikal davranacağını ağlıma gətirməzdim. İnsanlar, ələxsus da gənclər səhv etdiyi zaman onları radikal şəkildə cəzalandırmaq olmaz. Əgər bura elm ocağıdırsa, gənclərə bunu izah etmək, başa salmaq lazımdır”.

Psixoloqun sözlərinə görə, belə hallarda sərt qərar qəbul etmək şəxsin təhsildən soyumasına səbəb ola, onda ətrafa nifrət oyada bilər: “Universitetin psixologiya kafedrası var. Hanı psixoloqları? Niyə o tələbə ilə danışıb, vəziyyətini başa düşməyə çalışmayıblar? Niyə öyrənmək istəməyiblər ki, onun niyyəti nədir, niyə bunu edib? Zənnimcə, ali təhsil müəssisəsi cəza yeri yox, elm, təlim və tərbiyə obyekti olmalıdır”.

Tələbənin dostları ilə yazışmalarının yayılmasına münasibət bildirən Vəfa Əkbərin sözlərinə görə, hər bir adamın şəxsi fikrini bildirməyə, dostları ilə rahat danışmağa haqqı çatır və burada qınanılacaq bir məqam yoxdur: "Onun dəcəlliyini, ipə-sapa yatmaz biri olduğunu bilməyimiz üçün bu qədər oyuna da ehtiyac görmürəm. Söhbət 17-18 yaşlı tələbədən söhbət gedir. O şəxsiyyət yox, hələlik fərddir. Biz ondan nə gözləyirik? Təbii ki, bu yaşda obyektiv qərarlar verənlər də olur. Amma nəzərə alaq ki, onun hələ 17 yaşı var. Onun dostları ilə hansı tərzdə danışmasının məsələyə aidiyyəti yoxdur və bunun işıqlandırılması acizlik və çarəsizlik sindromudur.

Tələbə bayrağa qarşı hörmətsizlik edibsə, universitet uyğun davranış sərgiləməli idi. Məsələn, təhsil haqqını artıra, yaxud həmin dərsdən kəsir qoya bilərdi. Amma məsələni ictimailəşdirməklə tələbənin gələcəyinə möhür vurmaq düz deyildi”.

Psixoloq hesab edir ki, baş verən hadisəyə tələbənin təhsil aldığı müəssisə və ailəsi səbəbkardır: “Burada günahkar axtarmalı deyilik, hər xarakterdə uşaq var. Çətin tərbiyə olunan var, xarakteri yumuşaq, özünə qapalı uşaqlar var. Biz niyə günahkar axtarırıq? Ola bilsin ki, o tələbə dərsi ciddiyə almayıb və sadəcə əylənmək istəyib. Bir psixoloq olaraq deyirəm ki, o uşağın gələcəyi ilə belə oynamaq lazım deyildi. Əslində tələbəyə cəza vermək əvəzinə, bayrağın mənasını ona izah etmək daha səmərəli olardı. Deməli, bu mövzuda yetərincə təlim-tərbiyə almayıb. Universitetə qəbul olunan tələbənin orada oxumaq haqqı var”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər