Bu fərmanla şəhid və itkin düşənlərin ailələrinin narahatlığına nəhayət ki, son qoyuldu.
Bu sözləri Teleqraf.com-a hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını şərh edərkən deyib.
Onun sözlərinə görə, həmin ailələrin sayı 8 mindən artıqdır:
“Bu vaxta kimi onlar bir çox qurumlarda - Nazirlər Kabinetində, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində, Milli Məclisdə rəhbər şəxslərlə görüşlərdə olublar. Çox təəssüf ki, bu məsələ öz həllini tapmırdı və ölkə başçısı vəzifəsinin icrasına başlayan kimi, dərhal bu narahatlığa son qoydu. İnanıram ki, yaxın üç ay ərzində bu məsələ birdəfəlik öz həllini tapacaq. Çünki doğmasını, əzizini itirmiş insanlara qarşı çox təəssüf ki, bir sıra məmurlar biganəlik göstərir, müxtəlif bəhanələr gətirməklə bu məsələni uzadırdılar. İndi konkret tapşırıq verilib. Hər kəs bu tapşırığı vaxtında icra etməyə borcludur. İnanıram ki, yaxın zamanda məsələ həll olacaq”.
Ekspert bildirib ki, bu fərmandan irəli gələn məsələlərlə bağlı müharibə əlilləri, Qarabağ müharibəsinin iştirakçılarını məlumatlandırmaq lazımdır:
“Burda söhbət Qarabağ müharibəsi başlanandan atəşkəs elan olunana - 1997-ci ilə qədər şəhid olmuş və itkin düşmüşlərdən gedir. Bu, onların ailələrinə dövlət tərəfindən verilməsi nəzərdə tutulan kompensasiyadır. Həmin kompensasiya bu kateqoriyaya aid olan insanların ailələrinə çatdırılmalıdır və çatdırılacaq. Bu, Azərbaycan kimi iqtisadi imkanları günü-gündən artan nəhəng dövlət üçün elə böyük bir məbləğ deyil. Yəni, sərf ediləcək məbləğ ölkə üçün böyük problem yaratmayacaq. Ölkə başçısı müvafiq şəxslərdən tələb edir ki, qısa bir müddətdə bu məsələ öz müsbət həllini tapsın. Çoxlu müraciətlər olur ki, kim hara getsin, kimə müraciət etmək lazımdır. Heç yerə müraciət etmək lazım deyil. O insanların hər biri barədə məlumatlar ƏƏSMN, DSMF-də və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində var. Ona görə də, şəhid və itkin ailələrinin heç yerə getməyinə ehtiyac yoxdur”.
Ekspertin sözlərinə görə, prezident vəzifəli şəxslərə və qurumlara tapşırıqlar verib:
“Hər bir qurum öz üzərinə düşənləri edəcək. Hər halda hesab edirəm ki, 3 ay ərzində məsələ tam həllini tapacaq. Prezident sağ olsun ki, bu məsələnin həlli üçün müvafiq göstərişi verdi. Mənə elə gəlir, bu, bəzi məmurlar üçün siqnal olmalıdır ki, məsələləri vaxtında həll etmək lazımdır. Əslinə qalsa, bunu çoxdan etmək lazım idi. Məsələ MM səviyyəsinə qədər getmiş, hətta Konstitusiya Məhkəməsi də qərar qəbul etmişdi”.