5 Sentyabr 2022 18:49
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Milli Məclisin deputatı Məşhur Məmmədovun avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməsi ilə bağlı görüntülər yayılıb. Deputat Məşhur Məmmədovun Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi reyd zamanı saxlanıldığı məlum olub. DYP əməkdaşları avtomobili idarə edən sürücüdən sürücülük vəsiqəsini təqdim etməsini xahiş edib. Avtomobili idarə edən deputat sürücülük vəsiqəsinin olmadığını, daha sonra isə evdə qaldığını bildirib.

Teleqraf.com xəbər verir ki, görüntülərdə qaydaları pozan deputat Məşhur Məmmədovun yol polisi əməkdaşları ilə ünsiyyətdə nəzakət qaydalarından kənara çıxmadığı, səhvini etiraf etdiyi də görünür.

Amma Məşhur Məmmədovun yanında olan bir şəxsin deputatdan fərqli olaraq polislə kobud danışdığı diqqətdən yayınmır.

Məşhur Məmmədovun köməkçisi Xəlil Xəlilzadə insidentin 2014-cü ildə baş verdiyini deyib. Onun sözlərinə görə, Məşhur Məmmədovun sürücülük vəsiqəsi var. O, deputata hansı inzibati cəza verildiyinə dair sualı cavablandırmaqdan imtina edib.

Baş Dövlət Yol Polis İdarəsinin İctimai qurumlarla əlaqələr şöbəsindən Teleqraf.com-a faktı təsdiqləyiblər:

"Bir neçə il əvvəl çəkilmiş sözügedən videogörüntüyə dair müvafiq açıqlamalar verilməsinə baxmayaraq, mövzunun cəlbediciliyi hələ də bəzi şəxslərdə idarə etdikləri sosial şəbəkə hesablarına daha çox izləyici toplamaq marağı yaradır ki, bu da mövzunu gündəmdə saxlayır.

Təəssüf ki, bəzən tanınmış şəxslər haqqında məlumatların sosial şəbəkələr üzərindən ictimailəşdirilməsi cəmiyyət üçün faydalı olan hədəflərə deyil, daha çox baxış əldə etməklə şəxsi maraqlara hesablanır".

Qeyd edək ki, Milli Məclisin deputatı Məşhur Məmmədovun sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanıldığına dair görüntüləri editor.az saytı yayımlayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər