14 Noyabr 00:36
1 306
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) ev sahibliyi edir. Bu qlobal tədbir çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə qonaqların asudə vaxtını səmərəli keçirmələri üçün müxtəlif bədii proqramlar – konsertlər, sərgilər və təqdimatlar təşkil olunur. Noyabrın 13-də isə Heydər Əliyev Sarayında "Oyanış" adlı konsert proqramı təqdim edilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdim etdiyi konserti, COP29-la bağlı Bakıya gələn bir çox ölkənin dövlət və hökumət başçıları, rəsmilər və iqlim mütəxəssisləri izləyiblər.

"Oyanış" konserti, insanın təbiətlə vəhdətini bərpa etməsi və bəşər varlığını həyat üçün zəruri olan ilkin elementlərə diqqətlə nəzər salmağa təşviq edən müqəddəs bir ayin kimi nəzərdə tutulub. Bu tamaşa, suyu həyatla, havanı zəkanın gücü ilə, torpağı şüurlu varlıqla, atəşi isə sivilizasiyanın işığı ilə birləşdirən bir oyanışdır. Bu tamaşa, həmçinin bəşəriyyətin keçmişdən bu günə səyahət etdiyi bir mərhələni əks etdirir və təbiətə aid sənət əsərlərinin hər bir elementin tərkibində olduğunu vurğulayır.

Konsertin dirijoru, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru və ssenaristi isə Françesko Bondi olub.

COP29 sessiyası, həmçinin Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Sessiya noyabrın 22-dək davam edəcək və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir sıra mədəni tədbirlər və təqdimatlar keçiriləcək.

Noyabrın 15-də mədəniyyətə əsaslanan iqlim fəaliyyətinə həsr olunan Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək, burada rəsmilər, ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. Noyabrın 16-da isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində "İqlim üçün Mədəniyyət" təşəbbüsünə həsr olunan sessiya və təqdimat təşkil ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər