Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP keçmiş sədri Kamal Kılıçdaroğlu İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun telefon zəngləri və mesajlarına cavab vermir.
Teleqraf.com xəbər verir ki, bu barədə CHP-dəki mənbəyə istinadla “Yeni Şafak” qəzeti məlumat yayıb.
Kılıçdaroğluna qarşı “dövlət məmurunu təhqir etmək” iddiası ilə açılan cinayət işi çərçivəsində İmamoğlu keçmiş sədrlə həmrəylik nümayiş etdirmək istəsə də, buna adekvat cavab tapmayıb.
“İmamoğlu tez-tez Kılıçdaroğluna zəng edir, mesaj göndərir. İlk məhkəmə iclasından əvvəl bir araya gəlib birlik görüntüsü vermək istədiyini bildirib. Almaniyaya getməzdən əvvəl foto çəkilməsini xahiş eləsə də, Kamal bəy nə telefon, nə də mesajlara baxır. Zəngləri cavabsız qoyur”, - partiya rəsmisi belə deyib.
Vəziyyətlə bağlı CHP-dəki mənbə qeyd edib:
“Əkrəm bəy əməlləri ilə özünü tükətdi. Kamal bəy onu kürəyindən bıçaqladığını düşündüyü İmamoğlunu dəftərdən silib. İmamoğlu hərəkətləri və açıqlamaları ilə partiya və özünə zərər verdi. Partiya daxilində özünü məhv etmək həddinə çatıb. Vəfasız və təkəbbürlü rəftarı ilə partiyanı yox, özünü düşünür”.
İstanbul bələdiyyə başçısının CHP-nin keçmiş sədri ilə görüşmək cəhdi də baş tutmayıb.
Mənbə vurğulayıb ki, hazırkı CHP sədri Özgür Özəl də İmamoğludan narazıdır və ona üstüörtülü etiraz edib.