Əgər “Qarabağ” qrup mərhələsinə çıxsa, bu, təkcə futbolumuza təsir etməyəcək. Burda xeyli siyasi məsələlər var. Bu, təkcə Azərbaycan futbolu üçün yox, həm də Azərbaycan dövləti üçün böyük uğur deməkdir. Çox siyasi və prinsipial məsələdir.
Bu sözləri Teleqraf.com-a açıqlama verən tanınmış futbol mütəxəssisi Şahin Diniyev deyib. O, “Qarabağ” futbol komandasının Çempionlar Liqasının qrup mərhələsinə çıxdığı təqdirdə Azərbaycanın və futbolumuzun qarşısında açılacaq yeni şans qapılarından danışıb:
“Bu, bəlkə də yüz ildə bir dəfə baş verəcək hadisədir ki, onu da “Qarabağ” edəcək. Ölkəmizə və futbolçularımıza bütün dünyanın baxışı dəyişəcək. Belə deyək, Azərbaycan futbolçularına da ehtiyac yaranacaq və onların qiyməti qalxacaq. Bu, hərtərəfli xeyir olacaq. Həm siyasi, həm idman baxımından böyük dəyişikliklər ortaya çıxacaq. “Qarabağ” bu oyunla büdcəsinə 12-13 milyon avro gəlir gətirəcək. Amma puldan öncə bəzi prinsipial siyasi məsələlər var ki, bu, çox vacibdir. “Neftçi”, “Kəpəz”, “Zirə” bir başqadır, “Qarabağ” tam başqa. Çünki bu klubun adı artıq çox şey deməkdir. Bütün bunlar “Qarabağ” rəhbərliyinin çəkdiyi əziyyətlərin qarşılığıdır. “Qarabağ” o pulu qazansa, bu həmin komanda üçün təkcə maliyyə dəstəyi yox, böyük bir mükafat olacaq. Bundan sonra stabil güclü komanda yarana bilər. Bu pul sırf komandanın büdcəsinə daxil olacaq puldur və hər bir yerə xərclənə bilər. Ümumiyyətlə, bu hadisə stabillik, komandaya, futbol funksionerlərinə, “Qarabağ” rəhbərliyinə inamın nəticəsidir. Onlar səylə çalışdılar. Məğlubiyyətlər də oldu, amma rəhbərlik üz döndərmədi və komandanın arxasında durdu, səbrlə dəstək oldu. Yəni bunu “Qarabağ” addım-addım əldə etdi. Ümid edirik ki, bu uğur cavab görüşündə də qələbə qazanmaq üçün “Qarabağ”a stimul verəcək.
CBC Sport telekanalının tanınmış idman şərhçisi Gündüz Abbaszadə isə dünyanın nəhəng futbol klublarını Bakıda görə bilmək imkanı əldə edəcəyimizi deyib:
“Artıq Avropada da Azərbaycan futbolunu tanımağa başlayıblar. 2012-ci ildən başlayaraq, Azərbaycan futbol komandalarının mütəmadi olaraq, Avropa liqasının qrup mərhələsində iştirak etməsi Azərbaycan futboluna olan inamı artırmağa başlayıb. Amma Çempionlar Liqası tamam başqa bir turnirdir. Futbol yarışlarının şahı, ən nüfuzlu turniridir. Azərbaycanın ÇL-in qrup mərhələsində iştirakı Azərbaycana inamı bir az da artıracaq. Bu futbolçular üçün əla fürsətdir. Azərbaycan da artıq Avropada futbolçu seçimi baxımından vitrinə çevrilə bilər. Mahir Mədətov, Qara Qarayev kimi azərbaycanlı futbolçular artıq Avropanın bəzi nüfuzlu futbol klublarının diqqət mərkəzinə düşəcək. Bundan başqa, azərbaycanlı hakimlər üçün də əlavə yol açılır. Onların Çempionlar Liqası kimi sanballı turnirlərə mütəmadi olaraq təyinat almaları üçün şans yaranacaq. Və təbii ki, Azərbaycanın adı, yəni ölkəmizin tanıdılması baxımından çox dəyərli bir qapı açılır. Həm də bütün təbliğatlara dəyər bir qapı. Azərbaycanın tanıdılması və təbliğatı üçün milyonlarla pul xərclənir. Amma Qarabağın təkcə Çempionlar liqasının qrupunda oynaması, Qarabağın adının səslənməsi və xüsusilə də Azərbaycan yığması kimi təqdim olunması təbliğat baxımından çox önəmli rol oynayır.
Bu mərhələni keçmək Qarabağın özünə də milyonlarla pul qazandıracaq. Artıq “Qarabağ” özünü idarə edə bilən və sərbəst gəlir əldə edən kluba çevriləcək.
Amma tələsmək lazım deyil, bu barədə danışmaq da bir az tezdir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, həmçinin futbolçularımız özləri də bir qədər təmkinli yanaşmağa çalışırlar. Arxı keçməmiş “hop” deməyi sevmirlər. Odur ki, mən də hələ heç kəsi tələsməməyə çağırıram. Ümid edirəm ki, Qarabağ cavab matçında da qələbə qazanıb qrupa vəsiqə qazanacaq.
İştiraka görə veriləcək pula gəldikdə isə, hər mərhələdə iştirak etmək özü puldur. Qarabağ artıq müəyyən məbləğdə pul qazanıb. Təxminən 15-16 milyon avro civarında puldan söhbət gedir. Bilet satışı gücü olsa, bu məbləğ bir az da arta bilər.
Qrupda iştirak etməklə Avropa nəhənglərini - “Barselona, “Real-Madrid” kimi nüfuzlu klubları Bakıda görmək imkanı əldə edə bilərik. Bu oyunlara təbii ki, maraq böyük olacaq. Üst-üstə götürsək, 15-16 milyon puldan söhbət gedir. Təbii ki, “Qarabağ” özü bu pulu hara xərcləmək lazım olduğunu yaxşı bilir. Amma deyərdim ki, bu pulla “Qarabağ” gələn mövsüm üçün daha iddialı komanda yarada bilər. Qiyməti baha olan güclü futbolçuların “Qarabağ”a transferini görə bilərik. Həmçinin bu pulu uşaq futboluna da yönəldə bilərlər. İstənilən halda, əsas olan o pulun qazanılmasıdır.
Azərbaycan milli futbol komandasının baş məşqçisinin köməkçisi Mahmud Qurbanov “Qarabağ”ın böyük bir ilkə imza atdığını bildirib:
“Bu qələbə birinci növbədə Qarabağın özü üçün yaxşı olacaq. Maddi gəlir bazanı yaxşılaşdıracaq. İkincisi də ki, bu, Azərbaycan futbolunun adı üçün böyük uğur sayılacaq. İndiyə kimi heç bir klubumuz Çempionlar Liqasının qrup mərhələsinə düşməyib. Əgər “Qarabağ” bunu bacarsa, bu ilk olacaq. Bu, artıq tək “Qarabağ”ın yox, ümumilikdə Azərbaycanın uğurudur. Avropanın ən mötəbər turnirinin qrup mərhələsində oynamaq möhtəşəm olacaq. Bununla Azərbaycan futboluna Avropada maraq arta bilər.
Əgər qələbə qazansaq, yaxşı pul əldə edəcəyik. Bu da maddi baxımdan vəziyyətimizi xeyli yaxşılaşdıra bilər. Futbol təkcə meydançada keçirilən oyun deyil. Futbol bir biznesdir. Gəlir gətirən bir idman növüdür. Və mən düşünürəm ki, “Qarabağ” da bu şansdan faydalanıb futbol biznesimizi yeni inkişaf mərhələsinə aparacaq”.
Keçmiş futbolçu və tanınmış məşqçi Arif Əsədov dünyanın ulduz futbolçularının “Qarabağ”a transferolma şansından danışıb:
“Çempionlar Liqasında biz Azərbaycan klubunu görəcəyik. Bu böyük bir hadisədir. Bu hadisənin sayəsində “Qarabağ” dünyanın ən möhtəşəm klublarını Bakıya gətirə bilər. Çempionlar Liqasına düşmək özü də tanıtım baxımından böyük bir şeydir. Biz çoxdan buna doğru gedirdik. Buna nail olmaq üçün illərlə marafona çıxmışdıq. İlk illərdə bizim ancaq bir dərdimiz vardı ki, rəqiblərə böyük hesabla uduzmayaq. Baltikyanı ölkələrə, yəni postsovet ölkələrinə qalib gələndə düşünürdük ki, bir balaca irəliləyiş var. Amma “Neftçi”nin ilk dəfə avroliqaya düşməsindən sonra bu, ard-arda 3 dəfə təkrarlandı. Və artıq vaxtdır ki, Çempionlar Liqasının ab-havasını, onun dadını hiss edək.
Maddi məsələlərə gəldikdə isə, bu, klub üçün böyük maliyyə axınıdır. Burda iştirak edən klublara 12,7 milyon avro pul verilir. Bu o deməkdir, həmin klub özünü artıq sponsorsuz da idarə edə bilər. Əvvəllər bizim komandalarımız sponsorlardan, müəyyən iş adamlarından çox asılı idi. Amma artıq bu asılılığa son qoyulacaq. Həm bundan sonra “Qarabağ”da ulduz futbolçuların adlarına rast gəlinə bilər”.
Qol.az saytının baş redaktoru Aydın Bağırov 2 illik büdcəni doldura biləcək pulu öncədən əldə etməyin alternativlərindən danışıb:
“Əgər sırf idman baxımından götürsək, “Qarabağ”ın qrup mərhələsinə düşməsi Azərbaycanın UEFA reytinqində mövqeyinin daha da yüksəlməsi, növbəti illərdə nisbətən zəif komandalarla qarşılaşıb daha uğurlu nəticələr qazanmağımız deməkdir. Bundan başqa, klub maddi olaraq yüksək gəlir əldə edəcək. UEFA-nın iki gün əvvəl yaydığı məlumata görə, ÇL-in qrupuna düşən hər bir kluba 12.7 milyon avro pul veriləcək. Bu pul ona görə verilir ki, teleyayım və stadiondakı bütün reklam hüquqları təsnifat mərhələlərində olduğu kimi kluba deyil, artıq UEFA-nın özünə məxsus olur. Qrupa düşməklə, “Qarabağ” Azərbaycan futbolu tarixində ilk dəfə bu qədər yüksək gəlir əldə edəcək. Düzdür, buna qədər də Avropa Liqasının qrup mərhələsində hər iştiraka görə klubun büdcəsinə ən azı 3-4 milyon avro vəsait daxil olub. Bu dəfə isə rəqəm ən az 3 dəfə çoxdur. 12.7 milyon avro hazırkı “Qarabağ”ın 2 illik büdcəsi deməkdir. Yəni sponsordan bir manat almadan klub özünü saxlaya bilər. Ən əsası “Qarabağ” bu pulla daha uğurla çıxış etmək üçün 1-2 daha samballı əcnəbi futbolçu ala bilər.
O ki qaldı “Qarabağ”ın qrupa düşməsinin siyasi tərəflərinə, təsəvvür edin, Ağdam klubu dünya futbolunun nəhəngi “Real”la oynayır və o zaman yüz milyonlarla futbol azarkeşi ÇL-in qrupunda ilk dəfə oynayan “Qarabağ”la maraqlanır. “Qarabağ” Ermənistanla informasiya müharibəsində bizim ən güclü silahlarımızdan olacaq.
Azərbaycan futbolunun 20-25 il çıxa bilmədiyi bu mövqeyə bu gün gəlib çatmasından danışsaq, onu deyə bilərəm ki, bu ilk növbədə klubun qurduğu düzgün strategiyanın nəticəsidir. Yadıma gəlir, Qurban Qurbanov “Qarabağ”da işlədiyi ilk illərdə azarkeşlərin və medianın güclü təzyiqi ilə üzləşirdi və iş o yerə çatmışdı ki, o, hətta istefa vermək fikrinə belə düşmüşdü. Həmin həssas dövrlərdə “Qarabağ” rəhbərliyi Qurban müəllimə dəstək oldu, komandanın uğursuz çıxışlarına görə ruhdan düşmədi və onu vəzifəsində saxladı. Halbuki bizim digər klublar bir il ərzində 3-4 məşqçi dəyişməyə sanki vərdiş eləmişdilər. Qurban Qurbanov isə 9 ildən çoxdur ki, eyni klubun baş məşqçisi vəzifəsində işləyir. Belə nadir faktlara bu gün Avropa və dünya futbolunun özündə belə az-az rast gəlinir. Təbii ki, “Qarabağ”ın ÇL-in pley-off mərhələsinə kimi gəlməsi birbaşa Qurban müəllimin uğurlu məşqçi işi sayəsində mümkün olub. Amma onu da xüsusi qeyd etməliyəm ki, Azərbaycanın bir çox digər klublarındakı dələduzluq, əliəyrilik faktlarına “Qarabağ”da rast gəlinməyib və uğurların səbəbi həm də klubdakı insanların təmiz işləməsidir”.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli isə bu uğurun Qarabağın kimə məxsus olduğuna dair hələ də dəqiq məlumatı olmayanların şübhəsinə son qoyacağını deyib:
“Qarabağ”ın qrupa düşməsinə iki yöndən yanaşmaq lazımdı. Birinci yön klubun yetərincə böyük məbləğdə pul qazanmaq şansıdırsa, ikinci yön də qrupa düşməyin həm konkret Qarabağ adının, həm də bütövlükdə ölkə futbolunun təbliğinə verəcəyi faydadır. Artıq hər yanda bu rəqəm gedib, amma bir daha xatırladıram ki, Azərbaycan çempionu qrupa düşəcəyi təqdirdə 12,7 milyon avro qazanacaq ki, həmin 25 milyon manat da klubun ikiillik büdcəsi deməkdi. Həmin pulun sayəsində də daha rəqabətədavamlı və indiki ilə müqayisədə daha böyük hədəflərin öhdəsindən gəlməyə qadir olan heyət qurmaq olar. Unutmayaq ki, Çempionlar Liqası nəinki qitənin, həm də dünyanın ən nüfuzlu klub turniridir. Qrupa düşmək ən azı dekabra qədər “Qarabağ” adının və Azərbaycan futbolunun bütün dünyada böyük auditoriya önündə reklamı deməkdir. Qrupda oynamaq Qarabağın kimə məxsus olduğuna dair hələ də şübhələnənlərə yol göstərəcək güclü bələdçidir. Başqa bir məqam: dünənə qədər müxtəlif mülahizələrlə ölkəmizə gəlməkdən boyun qaçıran futbolçular indi bu yöndə ciddi düşünməli olacaq.
Bu uğurun nəyin nəticəsi olduğuna gəlincə... Təsadüfi uğurlar yalnız lotereyada olur. Futbolda isə uğur mərhələli inkişafın nəticəsidir. “Qarabağ” bu nöqtəyə addım-addım yaxınlaşıb. Sabit və daimi maliyyələşmə, uğurlu seleksiya, ağıllı baş məşqçi, yerli futbolun qaymaqlarının bir araya gəlməsi, adın verdiyi qeyri-adi ruh və əzmkarlıq, bütün ölkənin inanılmaz dəstəyi – bunlar və sadalamadağım, amma zərrəcə də olsa, rol oynayan başqa amillər bugünkü “Qarabağ”ın varlığını şərtləndirib”.
Qeyd edək ki, ÇL-in qrup mərhələsinə vəsiqənin mükafatı 12,7 milyon avro təşkil edir. Bundan başqa qrupda qazanılan hər qələbə 1,5 milyon, heç-heçə isə yarım milyon avroyla qiymətləndirilir.
1/8 finala yüksələn komandalar büdcələrini daha 6 milyon avro zənginləşdirəcək. 1/4 finalın mükafatı 6,5 milyon, yarımfinalınkı isə 7,5 milyondur.
Çempionlar Liqasını qazanana 15,5 milyon, finalçıya isə 11 milyon avro veriləcək.
Teleqraf.com “Qarabağ” futbol klubuna uğurlar arzu edir!