Azərbaycan Milli Futbol Komandasının baş məşqçisinin yerli kadrlardan olması daha yaxşı olar. Kənardan gələn məşqçilər Azərbaycan futbolunu 5-10 il geriyə atıblar. Canni De Byazi, Berti Foqts kimilər yığmamıza sadəcə zərbə vurublar. Ona görə də, milli bir adamın komandamızın başında dayanmasını istəyirik.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.
O qeyd edib ki, komandamızı milli adam idarə eləsə məğlub olanda da özümüzə uduzmuş sayılarıq:
“Xarici məşqçi ilə uduzduqda komanda məyus olur. Həmin məşqçi isə təyyarəyə minib xaricdə gecələməyə gedir. Ona görə də, özümüzün milli futbolçulardan birinin komandamızın başında olması daha yaxşı seçimdir”.
Deputat hesab edir ki, bu gün Azərbaycan çempionatına baxıb nəticə çıxarmaq olar:
“Komandalarımızın başında çox yaxşı məşqçilər var. Rəşad Sadıqov, Tərlan Əhmədov, Samir Abbasov, Ayxan Abbasov kimi təcrübəli futbolçularımızdan birinin millinin baş məşqçisi olmasını istəyirik”.
Aqil Abbas həmçinin yerli mütəxəssislərdən kiminsə milli komandaya baş məşqçi gətirilməsinə inamının olmadığını söyləyib:
“Yenə xaricdən kimisə gətirəcəklər. Görünür, xaricdən hansısa bir mütəxəssisi gətirmək müəyyən adamlara sərf edir. Mən kiməsə şər atmaq istəmirəm...”.