Teleqraf.com-un xəbərinə görə, bu sözləri gənc yazar Aysel Əlizadə sosial şəbəkədə yazıb.
O, fikirlərini belə davam etdirib: "Ruh halımı sizinlə açıq bölüşdüm, ağlımdan keçənləri gizlətmədim. Əzabımı yazdım sizə. Həmişəki kimi düşündüyümü yazdım; bu dəfə özümlə bağlı. İnsanlardan kömək istədim. Özlərini yetirdilər. Baxmayın o həyasız, üzü sürtülmüş, vecsiz adamlara. Onların varlığı yalnız bir işə yarıyır: baxıb elə olmamaq! İnsanların kömək istədiyini görəndə baxmayın o fahişə ağızlardan çıxan " gündəm üçün edir" tipli sözlərə, "əşşi"lərə, " bu da bezdirib" deyənlərə. Qələt edirlər. Zəifdilər, boşdular boş. Şər bilirsiz niyə qalib gəlir? Çünki hər üsulu, hər alçaqlığı, hər əclaflığı özünə yaraşdırır, qalib olmaq üçün hər şeyə əl atır. Xeyir bunu bacarmır. Xeyir abırlıdı, vicdanlıdı. Xeyirin qalib gəlməsi üçün onu tək qoymamaq gərəkdi. Çoxalmaq gərəkdi. Şəri təkləmək gərəkdi. Təkləyib məhv etmək..."
Aysel Əlizadə izləyicilərinə həmişə belə olmağı tövsiyə edib: "Köməyə qaçın, əlinizdən gələn yardımı edin, xoş sözlə dəstək olun. İnsan içindəki sevgi ilə möcüzəvidi, böyükdü. Həmişə mən yazmışam, siz oxumusuz. Bu dəfə istədim siz yazasız mən oxuyum. Bu cəmiyyətin hər probleminə enerji sərf etməyə çalışan bir adam kimi cəmiyyətimdən kömək istədim. Aldım. Mən bu mərhələni tək keçmək istəmirəm. İçimdəki bu dərin hüznü ailə davasına-filana yozanlar bütün həyatları boyu olduğu kimi yenə də yanıldılar. Həyat yoldaşımla yalnız bir halda narahatlığım yaşana bilər: onun başından bir tük əskik olsa. Amma mən yalnız onun həyat yoldaşı deyiləm axı... Siz də varsız. Bu dönəmdən həm də sizinlə keçmək istəyirəm. Çünki mən həm də sizin üçün yaşamışam. Əlimdən tutun gedək. Getmək istəyirəm, çox istəyirəm..."