26 May 2022 14:01
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon Şöbəsinin Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsində işləmiş 19983-cü il təvəllüdlü Fuad dələduzluqda, vəzifəli şəxsə rüşvət verməyə təhrik etməkdə ittiham olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Fuadın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4,312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Fuad ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2006-2017-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi işləyib:

“Vəzifə səlahiyyətlərim vətəndaşları qəbul etmək, onların ünvanlı sosial yardımla bağlı ilkin müraciətlərinə baxmaq, müraciətləri və digər sənədlərini qəbul edib, müvafiq komissiyaya təqdim etməkdən ibarət olub. Ramiz İmanovu 2008-ci ildə tanımışam. Ramizin yaşadığı əraziyə mən baxmışam. Sosial yardım almaq üçün o, mənə müraciət edib”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ümumilikdə Ramizin bir neçə dəfə ünvanlı dövlət sosial yardım almasına kömək edib: “Ancaq ondan heç bir məbləğdə pul almamışam. 2016-cı ilin yay aylarında Ramiz tikilən sosial evlərdən mənzil almaq üçün məndən köməklik göstərməyimi xahiş etdi. Həmin vaxt maddi olaraq bir sıra çətinliklərim olub. Məndən bu barədə xahiş edəndə, bu fürsətlə ondan pul ala biləcəyimi düşündüm.

Ramizdən müəyyən qədər pul almağı, onu MTK-ya müraciət etmək üçün yönləndirməyi qərarlaşdırdım. Əgər həqiqətən Ramizə MTK-dan güzəştli şərtlərlə ev satsaydılar, həmin şəxsə bu işi mənim həll etdiyimi deyəcəkdim. Ramiz və ailəsi də belə zənn edəcəkdilər. Vətəndaşın ev ala bilməyəcəyi təqdirdə imkanım olanda pulu Ramizgilə qaytaracaqdım.

Müraciət edildikdən sonra MTK-dan ev alınması prosesinin bir neçə ay və ya il çəkdiyini bilmişəm. Odur ki, 2016-cı ilin yay aylarında Ramizdən dövlət tərəfindən aztəminatlı ailələr üçün tikilib, güzəştli şərtlərlə satılan mənzillərdən almaq adıyla 3.000 manat aldım. Ramiz pulu arvadı Lalənin yanında mənə verdi. Həmin pulu öz ehtiyaclarıma xərclədim”.

Fuad qeyd edib ki, Ramizi MTK-ya müraciət etməsi üçün yönləndirib və digər məsələləri özünün həll edəcəyini bildirib: “Ramiz və ailəsi hər dəfə məndən məsələnin nə yerdə olduğunu soruşanda, onlara evlərin tikildiyini, həmin şəxslərə mütləq ev satılacağını dedim. Bir neçə il sonra Ramiz və arvadı Lalə güzəştli şərtlərlə ev ala bilmədiklərini gördülər, narazılıq etməyə başladılar.

Ramiz vəfat etdikdən sonra bir neçə dəfə mərhumun arvadı Lalə ilə telefonda danışdım, pullarını qaytaracağımı bildirdim. Lakin maddi imkanım olmadığı üçün onların pulunu qaytara bilmədim”.

Fuad deyib ki, bundan sonra Lalə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ondan şikayət edib: “İstintaq orqanı tərəfindən mənə təzyiq göstərilməyib. Güzəştli mənzil almaqda köməklik göstərmək üçün Ramizdən 3.000 manat almışam. Lalənin şikayətini geri götürməsi üçün məcbur olaraq ona 8.000 manat qaytarmışam. 3.000 manat pulu vəzifəli şəxslərə vermək adı ilə almamışam”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub və tədqiq edilərək sübut kimi qəbul edilib. Təqsirləndirilən şəxs ibtidai istintaqa ifadəsində 2016-cı ilin yay aylarında Ramizdən tikilən sosial evlərdən almaq üçün ona köməklik göstərməsini xahiş etdiyini, 2016-cı ilin yay aylarında Ramizdən 8.000 manat pul aldığını deyib.

Qeyd edib ki, həmin vaxt Ramiz pulu arvadı Lalənin yanında ona verib, göstərilən məbləğin ilkin olaraq 5.000 manatını vətəndaşın mənzilində, 2-3 ay sonra isə 3.000 manatını yaşadıqları binanın qarşısında alıb. Fuad ifadəsində göstərib ki, Ramizə və arvadına bu işlərə baxan yüksək vəzifəli tanışlarının olduğunu, pulu da həmin şəxslərə verəcəyini, onlara növbədənkənar ev almalarına kömək edəcək.

Cinayət işi üzrə şahid qismində ifadə verən Lalənin sözlərinə görə, 8 il yarım bundan əvvəl mərhum əri Ramiz Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Şöbəsində işləyən Fuad adlı şəxslə tanış olub: “2016-cı ilin avqustunda Ramiz yenidən Fuadla görüşdü. O, ərimə tikilən sosial evlərdən mənzil verilə biləcəyini bildirdi. Bundan sonra Fuad Ramizlə evimizə gəldi. Fuad bizə sosial evlərdən verilməsi üçün kömək edə biləcəyini dedi. Bunun müqabilində 8.000 manat verməli olduğumuzu bildirdi. Biz də Fuadla razılaşdıq”.

Lalə qeyd edib ki, 2016-cı ildə yaşadıqları ünvanda əri Ramiz oğlu Ruhanın və gəlini Elminənin yanında Fuada qohumlarından borc kimi aldığı 5.000 manat verib: “Bundan sonra Fuad bizim adlarımızın siyahıya salındığını, sosial evlərin tikintisinin başlanıldığını, 2018-ci ildə isə təhvil veriləcəyini bildirdi. 2016-cı ilin oktyabrında Ramiz mənə zəng etdi, Fuadın qalan pulu istədiyini dedi. Həmin vaxt pulumuz olmadığı üçün qızıllarımı satdım, 3.000 manat düzəltdim. Sonra da 3.000 manatı ərim yaşadığımız binanın qarşısında Fuada verdi. Fuad da bizim 1 üçotaqlı və ya 2 ikiotaqlı ev alacağımızı bildirdi”.

Lalə bildirib ki, 2019-cu ildə sosial evlər paylanmağa başlandığında onlara ev verilmədiyini görüb və bu barədə Fuada müraciət edib: “Fuad bizə mütləq ev veriləcəyini dedi. Evlər paylanılıb, qurtardıqdan sonra 2019-cu ilin dekabrında Fuad telefonda bizə özünün də aldadıldığını, pulu başqa şəxslərə verdiyini, həmin şəxslərdən 8.000 manat pulu alaraq bizə verəcəyini bildirdi.

Təxminən 2020-ci ilin martında Fuadla danışarkən, onun arvadı olduğunu deyən qadın telefonu götürdü. Mənimlə danışaraq Fuadın onlardan pul aldığını indi öyrəndiyini, kredit götürərək pulumuzu verəcəyini dedi. Sonra dəfələrlə Fuadla əlaqə saxladım, pulu qaytarmağımı ondan tələb etdim. Lakin o, hər dəfə pulu qaytaracağını desə də, həmin pulu bizə qaytarmadı. Mən də Fuaddan pulunu qaytarmadığına görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etdim”.

Lalə qeyd edib ki, təqsirləndirilən şəxs mərhum əri Ramizin tanışı olub. deyib ki, təqsirləndirilən şəxs onlardan aldığı 8.000 manatı qaytarıb.

Fuadın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 4 il 6 ay müddətinə şərti cəza verilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər