Bakıda 1996-cı il təvəllüdlü Mürsəl intim əlaqədə olduğu Sevinci (adlar şərti verilib – red.) intim fotoları və videoları ilə şantaj edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mürsəl Sevinclə cinsi əlaqədə olmasını özündə əks etdirən intim videoları yayacağı ilə hədələyib.
Mürsəl 2021-ci ilin fevralından 4 noyabr 2021-ci ildək olan müddət ərzində Sevincin 54000 manat məbləğində pulunu hədə-qorxu ilə tələb edib. O, bu əməli ilə Sevincin ümumilikdə 41000 manatını ələ keçirib.
Sevincin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciəti əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 2022-ci il martın 2-də keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Mürsəl cinayət başında yaxalanıb.
İstintaq orqanı tərəfindən Mürsəlin barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mürsəl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, özü fotostudiyada fotoqraf işləyib: “Əvvəllər fotostudiyanın rəhbəri olmuşam. Lakin pandemiyadan sonra fotostudiyada fotoqraf kimi fəaliyyət göstərmişəm. Mənim heç kimə pul borcum olmayıb”.
“Yaşının çox olduğunu gördüm”
Mürsəlin ifadəsinə görə, Sevinci İnstaqramdan tanıyıb və onunla müəyyən yazışmaları olub: “Əvvəlcə Sevinclə danışanda yaşının 40 olduğunu dedi. Sevinc ilə tanış olandan bir neçə gün sonra Milli Elmlər Akedemiyasının qarşısında görüşdük. Həmin vaxt Sevincin yaşının çox olduğunu gördüm. Onunla çox ünsiyyət qurmadım və qısa danışaraq ayrıldım. Görüşdən sonra Sevinc mənə yenə mesajlar yazdı. Lakin onun mesajlarına cavab vermədim. Sonra Sevinc mənə yenə mesaj yazaraq özünə məxsus Xətai rayonu ərazisində yerləşən 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxardığını, həmin obyektin satılmasında ona kömək etməyimi istədi. Mən də obyektinin fotolarını çəkərək öz İnstaqram səhifəmə yerləşdirdim. Obyektin satılmasında Sevincə köməklik etdim. Sevinc söz verdi ki, obyekt satılanda mənə pul verəcək”.
“Razılığı olub”
Təqsirləndirilən şəxs qeyd edib ki, internetdə obyekti satışa çıxarıb: “Sevinc də bununla bağlı pul verdi. Sevinc arada mənə müəyyən xərclik üçün pullar verib. Sonra biz qarşılıqlı razılaşma ilə intim əlaqə olduq. İntim əlaqə zamanı Sevinc özü dedi ki, intim əlaqəmizi telefonla videogörüntüyə alım, sonralar özü həmin videoya həzz almaq üçün baxacaq. Həmin videonu gizli yolla çəkməmişəm. Sevincin videonun çəkilməsindən xəbəri və razılığı olub. Sevincdən heç vaxt hədə-qorxu yolu ilə pul tələb etməmişəm. Birinci dəfə Sevinc mənə 2021-ci ilin fevralın 1-də 6000 ABŞ dolları verib. Həmin vaxt onun obyekti satıldı və həmin pulu obyektin satışı ilə bağlı verib”.
“Doğum günü hədiyyəsi verdi”
Mürsəl bildirib ki, onun doğum günü fevralın 10-da olub: “Sevinc də doğum günü hədiyyəsi olaraq mənə 4000 ABŞ dolları erdi. Sonra Sevincdən 5000 və 3000 ABŞ dolları olan cəmi 8000 ABŞ dollarını hədə-qorxu yolu ilə yox, borc olaraq almışam. Həmin borc aldığım pulu da fotoqraf işini genişlətmək üçün istəmişəm. Sevincin də bundan xəbəri olub. Sevincdən borc istəməyim və aldıqdan sonra da ona minnətdarlıq etməyim ilə bağlı da telefonunda yazışmalar olub. Həmin yazışmalarda borcunu da nə vaxt qaytaracağım ilə bağlı da bildirmişəm”.
“Dedi ki, başına oyun açacam”
Təqsirləndirilən şəxs qeyd edib ki, sonralar, yəni 2021-ci ilin avqustunda Sevinc ona bir neçə dəfə telefonla zəng edib: “Lakin Sevincin zənglərinə cavab vermədim. Sevinclə görüşmədiyimə görə, mənə qarşı əsəbi olub. Dedi ki, onunla görüşmədiyim üçün başıma oyun açacaq. 2021-ci ilin sentyabrında isə Sevinc mənə yazışmalarda bildirdi ki, məni özü ilə ölkə hüdudlarından kənarda uzunmüddətli yaşamaq üçün aparmaq istəyir. Mən isə onunla razılışmadım. Sevincə dedim ki, foto ilə bağlı müəyyən layihələrim var, onları həyata keçirməliyəm. Sevinc isə söylədi ki, həmin layihədən qazandığım pulu mənə verəcək, yetər ki, onunla gedim. Mən də qəti etiraz etdiyim üçün Sevinclə aramızda telefonda mübahisələrimiz yarandı. Sevincdən ayrılmağa qərar verdim. Sevinc dedi ki, sən mənimlə xarici ölkəyə getməyə gəlmədin, həm də mənimlə intim əlaqədə də olmursan, gör mən sənin başına necə oyunlar açacam”.
“Kameralara həmin an düşüb”
Mürsəlin ifadəsinə görə, noyabr ayında avtomobili ilə qəza törətdiyi üçün avtomobilin təmiri ilə əlaqədar Sevincdən borca pul istəyib: “Sevinc də dedi ki, Nərimanov rayonu ərazisində yerləşən “Access Bank”dan kreditə pul götürəcək, həmin yerə gəl, pulu verim. Mən də Sevincin dediyi yerə getdim. Sevinc mənə pulu verəndən sonra aralandı. Öz maşınım ilə hərəkətdə olan zaman 428 nömrəli avtomaşında xidmət aparan Baş Dövlət Yol Polisi əməkdaşı avtomobilimi saxlatdırdı. Sonra Baş Mütəşəkkil Cinayətkarlıq Mübarizə İdarəsinin əməkdaşları olan polislər yaxınlaşaraq məni döydülər, zorla maşınlarına oturdaraq idarəyə apardılar. Həmin vaxt ərazidə olan kameralara da həmin an düşüb. Hansı polisin məni vurduğunu görə bilməmişəm. Çünki həmin vaxt başım aşağı vəziyyətdə olub. Məni məcbur etdilər ki, Sevincdən külli miqdarda hədə-qorxu ilə pul tələb etməyim barədə ifadələr verim. Məcbur qalaraq polislərin dedikləri kimi ifadələr vermişəm. Sevincdən pulu hədə-qorxu yolu ilə aldığımı qeyd etdim”.
“Cinsi əlaqədə olmağımızı çəkdim”
Məhkəmədə Mürsəlin istintaqa verdiyi həmin ifadəsi də elan olunub. O, istintaqa verdiyi ifadəsində göstərib ki, Sevinc ilə 2020-ci ilin oktyabr-noyabr aylarında İnstaqram sosial şəbəkəsi vasitəsi ilə tanış olub: “Sevinc özünə məxsus 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxarıb. Həmin obyektin satışı ilə bağlı aktiv hərəkətlər etmişəm. Həmin vaxtlar Sevinclə işgüzar münasibətimiz olub. Sevincin məndən yaşca çox böyük olduğunu bildim. Həmin ərəfələrdə Sevinclə cinsi əlaqədə olmağı qərara aldım. Bu məqsədlə Mirəli Qaşqay küçəsində günlük iki otaqlı mənzil kirayə götürdüm. Sonra Seviclə görüşdüm, qeyd olunan mənzilə gedərək onunla öz razılığı ilə cinsi əlaqədə oldum. Cinsi əlaqədə olmağımızı əvvəlki telefonuma çəkərək özümdə saxladım”.
“Videoları göstərdim”
Mürsəlin ifadəsinə görə, bundan bir neçə gün sonra Sevinc özü də intim şəkillərini ona göndərib: “Ona görə də video və fotolar telefonumda qaldı. 2021-ci ilin fevral ayında borclarım olduğundan maddi çətinlik çəkdiyim üçün Sevincə müraciət etdim, 25 000 ABŞ dolları istədim. Sevinc isə verə bilməyəyəcəyini dedi. Videoları ona göstərdim. Bildirdim ki, əgər pul verməsən, həmin rüsvayedici məlumatları oğluna göndərəcək və sosial şəbəkədə yayacağam. Sevinc isə qorxaraq pul verə biləcəyini dedi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ilin fevralında Sevinc yaşadığı evinin qarşısında ona 15 000 ABŞ dolları verib: “İkinci dəfə Sevincdən eyni adla pul tələb etdim. Sevinc Nərimanov rayonu ərazisində 7000 ABŞ dolları, axırıncı dəfə isə 2021-ci ilin sentyabrında 3600 manat verdi. Beləliklə də Sevincdən hədə-qorxu gəlməklə 41000 manat aldım və borclarımı ödədim”.
“Kredit götürməyə söz verdi”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, noyabrın 1-də yenidən 13.000 manat lazım olduğundan Sevinc ilə danışıb və həmin məbləğdə pul tələb edib: “Sevinc dedi ki, özündə pul yoxdur. Gəncə şəhərinə gedib və qohumlarından pul toplayaraq gətirmək üçün iki gün lazım olduğunu dedi. Sevincə vaxt verdim. Lakin Sevinc Gəncədən əli boş qayıtdıqda kəskin olaraq ondan pul gətirməsini tələb etdim. Sevinc də bankdan kredit götürərək verəcəyinə söz verdi”.
Mürsəl deyib ki, noyabrın 4-də Sevinc onu Təbriz küçəsində yerləşən “Access Bank”ın qarşısına çağırıb: “Həmin gün saat 13.35-də Sevincin dediyi yerə gedərək görüşdüm. Həmin vaxt Sevinc mənə 7000 ABŞ dollar məbləğində pul tapa bildiyini dedi. Həmin pulu mənə verdi. Mən də pulları sayıb cibimə qoydum və ondan ayrıldım. Təxminən 20 dəqiqə sonra Gənclik metrosunun yaxınlığında olduğum zaman polis əməkdaşları məni saxladı və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar”.
“Müştəri də gətirdi”
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Sevincin sözlərinə görə, Mürsəli 2020-ci ilin noyabrından tanıyıb: “Mərhum oğlum Səid qaraciyər xəstəsi olub və onun müalicəsi ilə bağlı “NBC Bank”dan külli miqdarda kredit götürmüşəm. Həmin kreditin bir hissəsini bağ evimi sataraq ödəmişəm. Lakin bir hissəsi ödənilməmiş qalıb. Qalan kredit borcunu ödəmək üçün yaşadığım binanın 1-ci mərtəbəsində yerləşən özümə məxsus 31 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahəsini satışa çıxardım. Obyektin tez satılması məqsədi ilə şəkilləri İnstaqram, Feysbuk və digər sosial şəbəkələrə yerləşdirdim. Mürsəl də həmin sosial şəbəkədə yazaraq, obyektin satılması üçün aktiv kömək etməyə çalışdı. Mürsəl mənimlə telefonla danışdı. Hətta obyektə baxmaq üçün müştəri də gətirdi”.
“Bildirdi ki, videonu oğluma göndərəcək”
Sevinc qeyd edib ki, 2020-ci ilin noyabrın sonlarında Mürsəl ilə görüşdüklərində mərhum oğlu ilə bağlı ona danışanda kövrəlib: “Mürsəl də məni təsəlli etmək üçün qucaqladı. Sonra Mürsəl ilə aramızda könüllü intim münasibətimiz oldu. Lakin Mürsəlin həmin intim əlaqəni video görüntüyə almasından xəbərim olmayıb. 2021-ci ilin fevralında Mürsəl mənə dedi ki, pandemiya ilə bağlı pulu yoxdur, hansısa bir iş qurmaq istəyir və buna görə də pul lazımdır. Mən isə pulumun olmadığını dedim. Mürsəl bildirdi ki, onda intim əlaqələrimizin videosu var, əgər ona pul taparaq verməsəm, həmin cinsi əlaqənin video görüntüsünü oğluma, yaxınlarıma göndərəcək. Sonra videonun bir hissəsini mənə vatsap vasitəsi ilə göndərdi. Mən də Mürsəlin video barədə düz danışdığını gördüm. Dedi ki, əgər pul verməsəm, oğluma və oğlumun dostlarına həmin videonu göndərəcək. Mürsəl əvvəlcə məndən 25 000 ABŞ dollar istədi. Mən də məcbur qalaraq rəfiqəm Səmayədən 15 000 ABŞ dollar alaraq Mürsələ verdim”.
“Anladım ki, məndən əl çəkməyəcək”
Sevincin ifadəsinə görə, sonralar özü obyekti satıb: “Mürsəl 2021-ci ilin aprelin əvvəlində yenə hədə-qorxu gələrək 7000 ABŞ dollar, 2021-ci ilin sentyabrında 3600 manat aldı. Mürsəl hər dəfə pulu alandan sonra mənə dedi ki, çox sağ ol, sən mənə kömək etmisən, heç dostlarımın mənə etmədiklərini etmisən. Lakin Sevinc pulu alandan sonra yenə də öz əməllərinə davam etdi. Məndən videoya görə hədə-qorxu ilə pul tələb edirdi. Sonra Mürsəl məndən noyabrın 1-də yenə 13000 manat tələb etdi və verməyəcəyim təqdirdə video görüntünü bütün qohumlarıma, tanışlarıma göndərəcəyini, sosial şəbəkələrdə yayacağını dedi. Mürsəldən 2 gün vaxt istədim. Pulu Gəncə şəhərinə gedərək gətirəcəyimi dedim. Gəncəyə getdim. Lakin pul tapmadım və Bakı şəhərinə qayıtdım. İşdən çıxanda Mürsəl qarşımı kəsdi, məni maşınına mindirdi və bir çox qohumlarımın adını çəkərək pul vermədiyim təqdirdə videonu onlara göndərəcəyini dedi. Evə gedəndən sonra Amerikada yaşayan qızımla telefonla danışdım, vəziyyəti ona dedim. Qızım da Mürsəlin əməllərini dayandırmayacağını, onun barəsində polis orqanlarına şikayət etməyimi məsləhət gördü. Bundan sonra anladım ki, polisə şikayət etməsəm, Mürsəl məndən əl çəkməyəcək, hədə-qorxu ilə məndən mütəmadi olaraq pul tələb edəcək”.
“Yarıçılpaq şəkillərimi göndərmişəm”
Sevincin sözlərinə görə, noyabrın 4-də, səhər saatlarında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə yaxınlaşıb və baş verən hadisə barədə məlumat verib: “Mənim ərizəm qeydə alındı və nömrələrim qeyd edildi. Kserosürətləri çıxarılmış 70 ədəd 100 ABŞ dolları pul əskinasları mənə təqdim olundu. Həmin pul vəsaitini polis əməkdaşlarından təhvil alandan sonra Mürsələ zəng etdim, pulun hazır olduğunu dedim və Təbriz küçəsində yerləşən “Access Bank”ın qarşısında olduğumu bildirdim. Həmin gün saat 13.35-də Mürsəl həmin yerə gəldi və məndən 7000 ABŞ dollar götürdü. Pulu sayaraq əskik olduğunu dedi. Mən də pulun bu qədər olduğunu söylədim. Sonra Mürsəl pulu götürərək getdi. Həmin gün məni polislər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdilər, Mürsəli də həmin idarədə gördüm. Mürsəlin üzərinə videogörüntü ilə baxış keçirildi. Mürsəl mənə qarşı etdiyi hər şeyi orada etiraf etdi. Sonra Mürsəl səhv etdiyini, məndən aldığı bütün pulları geri qaytaracağına söz verdi. Sonra bu barədə məndən izahatlar aldılar. Bütün olanları izahatımda yazdım. Mürsələ yarıçılpaq şəkillərimi göndərmişəm. Lakin şəkilləri hansı tarixdə göndərdiyimi xatırlamıram”.
"Ərizə yazdım ki, şikayətçi deyiləm"
Zərərçəkmiş qeyd edib ki, Mürsəl həbs olunandan sonra onun valideynləri yalvarıb: “Xahiş etdilər ki, Mürsəldən şikayətçi olmayım və pullarımı qaytaracaqlar. Mən də Mürsəlin qohumlarının xahişlərinə görə notarius qeydiyyatından keçmiş ərizədə mənə dəyən zərərin tam şəkildə ödənildiyini, şikayət və tələbimin olmaması barədə ərizə yazdım. Mürsəlin qohumları tərəfindən 500 manat anası, 500 manat isə atası tərəfindən bank hesab kartıma köçürülüb. Mənə cəmi 1020 manat pul qaytarıblar. Mürsəlin valideynlərinin xahişlərinə görə cinayət işinin ibtidai araşdırmasını aparan müstəntiqə ərizə ilə müraciət edərək ona verdiyim pulları hədə-qorxu ilə yox, borc olaraq verməyim barədə ərizə yazaraq göndərmişəm. Sonra müstəntiq məni çağırdı, yazdığım ərizəyə görə məsuliyyət daşıdığımı, belə olan halda Mürsəlin həbsdən azad oluna biləcəyini və mənim həbs oluna biləcəyimi izah etdi. Mən də müstəntiqə hüquqşünas olmadığım üçün bunları bilmədiyimi, Mürsəlin valideynlərinin xahişi ilə belə bir ərizə yazdığımı bildirdim. Sonra yenidən istintaqa dəvət olundum, ərizəmi Mürsəlin valideynlərinin xahişi ilə yazdığımı, əvvəlki ifadələrimin düz olduğunu bildirdim”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mürsəl 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.