Türkiyənin Liviyadakı fəaliyyətlərindən narahat olan Fransadan gərginliyi yüksəldəcək açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, Yelisey Sarayının Ankaranın Liviyadakı həmlələrini “aqressiv” adlandırılmasından sonra ölkənin Müdafiə Nazirliyi də hərəkətə keçib.
Nazirlikdən “Röyter”ə verilən açıqlamada, Liviyadakı türk donanmasının Aralıq dənizində NATO-nun missiyasını yerinə yetirən Fransanın döyüş gəmilərinə müdaxilə etdiyi iddia olunub.
İddiaya görə, Liviyaya gedən “Çirkin” adlı türk yük gəmisini dayandırmağa çalışan fransız donanması türk donanmasının müdaxiləsindən sonra geri çəkilmək məcburiyyətində qalıb. Fransız mənbələri baş verənləri “qarşıdurmadan əvvəlki xəbərdarlıq” adlandırırlar.
Nazirliyin rəsmisi NATO-nun Türkiyənin son addımlarını görməzdən gəlməyəcəyini bildirib: “Alyans daxilində qarışıqlıq var, amma ortada Türkiyə problemi yoxmuş kimi hərəkət etməməliyik. Bunu görməli, müzakirə etməliyik”.