Gürcüstanda prezident seçkilərinə start verilib.
Teleqraf.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi proses ölkə parlamentinin iclas zalında keçirilir.
Parlament binasının qarşısına bu gün bir neçə etiraz aksiyası təyin olunub. Qanunverici orqanın binası ətrafında və yaxınlığında təhlükəsizlik tədbirləri gücləndirilib. Əraziyə əlavə polis qüvvələri və su şırnağı maşınları səfərbər olunub. Parlament binasında sarı təhlükəsizlik səviyyəsi tətbiq edilib.
Gürcüstan tarixində ilk dəfədir dövlət başçısını seçicilər deyil, 300 nəfərdən ibarət Seçicilər kollegiyası seçir. Prezidentin seçilməsi üçün kollegiyanın azı 200 üzvünün səsi tələb olunur. Səsvermə açıq olacaq.
Kollegiya üzvlərinin 150-si deputat, digər 150 nəfəri isə Acarıstan, Abxaziyanın ali şuralarının üzvləri, 109 nəfəri isə yerli özünü idarəetmə orqanlarının nümayəndələridir. Üzvlərin 221-i hakim “Gürcü Arzusu” partiyasını təmsil edir.
Proses saat 14:00-da başa çatacaq. MSK səslərin sayılmasından sonra seçkilərin yekun nəticələrini elan edəcək.
Prezidentliyə yeganə namizəd hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi 53 yaşlı sabiq futbolçu Mixeil Kavelaşvilidir. Müxalifət parlamentdə təmsilçilikdən imtina etdiyinə görə namizəd irəli sürməyib.
Qeyd edək ki, ötən gün hazırkı prezident Salome Zurabişvili seçkiləri parodiya adlandırıb. O bəyan edib ki, ədalətli parlament seçkiləri keçirilməyənə qədər vəzifəsini tərk etməyəcək. Dövlət başçısının səlahiyyət müddəti dekabrın 29-da başa çatır. Həmin günə yeni prezidentin andiçmə mərasimi təyin olunub.