14 İyul 2022 09:05
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Azərbaycan münasibətlərində gərginlik müşahidə etmirəm. Bəli, pomidor və ya digər kənd təsərrüfatı məhsullarına qadağa qoya bilərlər. Belə hallar əvvəllər də olub. Amma ümumi şəkildə bazarları Azərbaycan üçün bağlı deyil. Ancaq hər hansı bir yaxınlaşmaqdan da danışmağa dəyməz. Münasibətlər paralel kursla gedir. Hər bir halda Rusiya Azərbaycanın bölgədə yeni rolunu və çəkisini qəbul edir”.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov Azərbaycan-Rusiya münasibətlərinin indiki mərhələsini şərh edərkən deyib.

"Rusiya xarici işlər naziri Sergey Lavrovun iki dəfə Bakıya səfər edərək müsbət açıqlamalar verməsi, Solovyovun iki dəfə üzr istəməsi göstərir ki, göstərir ki, Rusiyada Azərbaycanın xoşuna gəlməyən, onu razı salmayan məsələləri nəzərə alırlar.

Digər tərəfdən, dılğır və əhəmiyyəti olmayan Moskvadakı Qarabağ nümayəndəliyini rəsmən bağlayıblar. Halbuki biz anlayırıq ki, onlar heç yerə getməyiblər, hansısa küncə sığınıblar. Amma bu hal göstərir ki, Rusiya Azərbaycanın narazı qalması üçün bəhanələr verməməyə çalışır", - Rasim Musabəyov əlavə edib.

Rusiyanın Qarabağ məsələsində xüsusi fəallığının hiss edilmədiyinə gəlincə, Rasim Musabəyov qeyd edib ki, konkret olaraq sərhəd və nəqliyyatla bağlı danışıqlar var: "Baş nazirlərin müavinləri bu prosesi aparır. Hər halda istədiyimiz irəliləyişlər olmasa da, Lavrovun gəlib Bakıda bütün marşrut, o cümlədən, avtomobil yolunun da Mehridən keçəcəyini elan etməsi təsadüfi deyil. Bəli, sadəcə orada yeddi kilometrlik yol qayaya dirənib və bu məsələdə həllini tapmayıb. Yəqin ki, bu halda hansısa panel tunel qurula və ya yol bir qədər yuxarıdan aparıla bilər. Hələlik bu məsələ həllini tapmayıb”.


Müəllif: Nemət