SSRİ dağıldıqdan sonra Rusiya ən ağır dövrünü yaşayır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ukrayna ordusunun Rusiyaya müdaxiləsi Kiyevə üstünlük qazandırsa da, şərq cəbhəsində vəziyyət ağır olaraq qalır. Ukrayna qüvvələrinin Kurskda irəliləməsi hələlik Donbasda mövcud vəziyyətin Kiyevin xeyrinə dəyişməsinə səbəb olmayıb. Əksinə, Rusiya ordusu bir neçə məntəqəni də işğal edib. Ukrayna ekspertləri arasında polemika dərinləşib. Bir qisim Ukrayna ordusunun Rusiya ərazisində irəliləməsini dəstəkləyərkən, digər qisim şərq cəbhəsinin gücləndirilməsi və ordunun Kursk istiqamətinə cəlb edilən elit bölmələrinin işğal altındakı yaşayış məntəqələrini azad etməsi üçün Donbasda əks-həmlələr həyata keçirməsinin vacibliyini bildirirlər”, - ekspert qeyd edib.
Elxan Şahinoğlu Rusiyanın digər bir vilayətindəki ağır vəziyyətə də diqqət çəkib:
“Rusiyanın Volqoqrad vilayətində məhbus olan İŞİD üzvlərinin həbsxana işçilərinin bir qismini öldürməsi, digərlərini girov götürməsi qonşu ölkədə hökm sürən ağır vəziyyətə işarədir. Həmçinin Volqoqrad səmasında Ukraynaya məxsus PUA-lar hökmranlıq edir, hərbi hava limanına zərbələr endirilib, Rostovda yanacaq anbarındakı alovu günlərdir söndürə bilmirlər.
Rusiya Prezidenti Vladimir Putin Kursk ətrafındakı vəziyyətlə bağlı son onlayn iclasında nə qədər sakit görünməyə çalışsa da, ölkənin xaosa doğru sürükləndiyini gizlətmək getdikcə çətinləşir. Rusiya şəhərlərinin ələ keçirilməsi, bombalanması, Ukrayna PUA-larının hava məkanına rahat daxil olması və hədəflərə zərbələr endirilməsi, yanğınlar, gəmilərin batırılması, itkilərin sayının artması, o cümlədən həbsxanalarda qiyamlar adiləşir. SSRİ dağıldıqdan sonra Rusiya ən ağır dövrünü yaşayır”.