İsrail son 20 ildə İrandan HƏMAS-a hər il on milyonlarla dollar məbləğində pul köçürmələri ilə bağlı qəbz və qeydlər əldə edib.
Teleqraf.com xəbər verir ki, sənədlər Qəzza zolağında əməliyyatlar zamanı İsrail hərbçilərinin əlinə keçib.
“Yerusəlim Post” yazır ki, bu sənədlərlə yanaşı, müharibə zamanı əsir alınan HƏMAS terrorçularının dindirilməsi “Şin Bet” (İsrail Təhlükəsizlik Agentliyi) müstəntiqlərinə məsələ ilə bağlı əlavə məlumat verib.
Əldə edilən sənədlər İranın İsrailə qarşı “Müqavimət oxu”nun bir hissəsi kimi HƏMAS üzərində nə qədər nüfuzun olduğunu göstərir.
Sənədlər HƏMAS-ın fəaliyyətinin hərbi aspektlərini dəstəkləməklə yanaşı, İranın təsirinin Qəzzadakı digər terror təşkilatlarını dəstəkləmək və burada mülki, təhsil və mədəniyyət layihələrini maliyyələşdirmək üçün də genişləndiyini sübut edir.
Sənədlərdə həmçinin HƏMAS-ın 7 oktyabr 2023-cü il tarixində İsrailə hücuma hazırlanmasında İranın iştirakı, o cümlədən “Hizbullah”la koordinasiya və Qəzzada yerləşən terror təşkilatının Livanda hazırlığı ilə bağlı yeni məlumatlar təqdim edir.
Sənədlərdə İranın konkret olaraq HƏMAS, ümumən Qəzza üzərində dayaq yaratmaq və təsirini genişləndirmək kimi strateji addımları da açıqlanır.
İsrail nəşri vurğulayır ki, bütün bunlar İran maliyyəsi ilə həyata keçirilib: “Bəzi “mülki proqramlar” Qəzzada sünnilər daxilində şiələşmə, silah tədarükünün asanlaşdırılması və maliyyə resurslarına nəzarətlə HƏMAS-ın qərarlarına təsir göstərməyə yönəlib”.
Hesabat, məsələn, 2019-cu ildə İranın Qəzzada HƏMAS-ın hərbi qanadına 42 milyon, 2020-ci ildə 12 milyon dollar köçürdüyünü göstərən maliyyə transferi qeydlərini ortaya qoyur.
HƏMAS-ın keçmiş lideri İsmayıl Haniyə bir yazışmada qruplaşmaya 5 milyon dollar köçürüldüyünə görə İrana minnətdarlığını bildirir.
“Yerusəlim Post” ələ keçirilən sənədlərə istinadla bildirir ki, HƏMAS İsrailə qarşı əməliyyata hazırlaşmaq üçün təxminən iki il İranla koordinasiya aparıb. Bura “Hizbullah” və İran arasındakı koordinasiyalı fəaliyyət də daxildir.
Sənəddə kampaniyaya hazırlıq çərçivəsində İrandan Qəzzaya qaçaqmalçılıq yolu ilə silah daşınması məsələsi də geniş şəkildə işlənib.
İran hakimiyyəti HƏMAS-ın 7 oktyabr hücumu barədə əvvəlcədən məlumatlı olmadığını iddia etmişdi.