"ABŞ prezidenti Co Baydenin verdiyi qərarlar dünyanı qlobal fəlakətə doğru sövq edir".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto öz "Facebook" səhifəsində bildirib
"Dünya onilliklərin ən təhlükəli iki ayı ilə üz-üzədir, çünki öz partiyası tərəfindən hakimiyyətdən uzaqlaşdırılan və bacarıqları geniş şəkildə şübhə altına alınan prezident qlobal miqyasda fəlakətə səbəb ola biləcək qərarlar qəbul edir. Amerika silahlarının Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə vermək dünya müharibəsi təhlükəsi yaradır. Və bu baş verərsə, biz hər şeyi itirəcəyik" - Siyarto paylaşımda qeyd edib.
Siyarto müharibə tərəfdarı olan siyasi elitanı Ukraynadakı münaqişəni qlobal münaqişəyə çevirməyə çalışmaqda ittiham edib.
"Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi Avropaya qitədə sülhü bərpa etmək üçün böyük şans verir” - nazir qeyd edib.