“Haqqı deyəndə onu qəbul etmək istəmirlər. Mən həmişə doğru bildiyimi demişəm, bundan sonra da eyni qaydada davam edəcəm. O verilişdə hansısa məsələ ilə bağlı bilmədən fikir bildirməmişəm”.
Bunu Teleqraf.com-a açıqlamasında əməkdar artist Mehriban Xanlarova "Bizimləsən" verilişində Şair adlı şəxslə olan mübahisəyə aydınlıq gətirərkən deyib.
Qeyd edək ki, proqramda Şair adlı şəxs gəlininin axtarışına çıxıb, ondan şikayət edib. Verilişdə ekspert kimi çıxış edən Xanlarova “Jalə onun ikinci gəlinidir, birinci gəlini toya beş gün qalmış niyə evdən qaçıb?” sualını verəndən sonra Şair adlı şəxs hirslənib, ayağa qalxıb.
Aktrisa baş verənlərlə bağlı bunları deyib:
“Bəzi xəbərlərdə yazılmışdı ki, guya həmin şəxs məndən polisə şikayət edəcəyini bildirib. Belə söhbət olmayıb. Başa düşürəm, xəbər yazırlar, bir söz demirəm, amma yalan yazmasınlar. O kişi dedi ki, gəlini üçün prokurorluğa gedib. Mən də cavabımda “Nə edim ki, getmisən…” dedim. Yazırlar, guya mənə hücum çəkib. Hücum çəkməyib, o insan emosional insandır, sözü ayaqüstə o tərəf- bu tərəfə gedib gələrək deyir. Mən də orda “Üstümə niyə gəlirsən? ” dedim.
Hər ailə qaranlıq meşədir. Mən xalqın içində olduğuma görə əksər rayonlarda tanışlarım var, belə məqamlarda kimsə mesaj yazıb bildiyini, gördüyünü deyir. Mən də xəbərdar olduğum məsələdən çıxış edib bu sualı kişiyə verdim. Onda kişi odlandı. Haqqı danırlar, gerçək üzə çıxanda qaçıb gedirlər”.