12 Aprel 2023 16:37
3 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış media eksperti Zeynal Məmmədli son günlər "Space" TV-nin efirində baş vermiş bir qalmaqal barədə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zeynal müəllim, Rövşanə Ağasəfqızı aparıcılıq etdiyi “Space səhər” verilişində əməkdar artist İlkin Əhmədovun iki saat gecikdiyini əsas götürərək onu efirə buraxmayıb və canlı yayımda onun barəsində xoşagəlməz ifadələr işlədib. Aparıcının qonağının ünvanına ittiham səsləndirməsi doğrudurmu? Çağırılmış qonaq efirə hansısa səbəbdən gəlməzsə, aparıcı nə etməlidir?

- Bir veriliş, bir proqram hazırlanarkən müxtəlif ehtimallar mütləq nəzərə alınmalıdır. Düşünmək lazımdır ki, dəvət olunan qonaq verilişə gecikərsə, gözlənilməz hadisə baş verərsə, onu necə əvəz edəcəyik? Bu qayda bütün hallarda çox önəmlidir.

Bəhs etdiyiniz hadisə canlı yayımda olub. Canlı yayım olduğu üçün A, B, C planı qurulmalıdır. Bir neçə variant düşünülməlidir. “Space səhər” verilişinə baxmamışam, amma aparıcının qonağını bu şəkildə ittiham etməsi yolverilməzdir. Olmaz! Müsahib kim olur-olsun, hətta qonaq haqsızdırsa belə, onu ittiham eləmək yolverilməzdir. Çünki verilişinə dəvəti sən etmisən, o, sənə yalvarmayıb ki... Həmin adam sənə üz tutsaydı, dəfələrlə təkid etsəydi və verilişə gəlməsəydi, haqqında yüngül tərzdə fikir bildirə bilərdin.

Heç bir halda ittiham etmək olmaz. Bu, jurnalist etikasına kökündən ziddir. Verilişin qonağına, iştirakçısına sona qədər hörmət göstərmək lazımdır. Tamaşaçıya hörmət o dərəcədə olmalıdır ki, ittihama çevrilməsin. Qərar verən auditoriyadır. Auditoriya qonağın gecikməsini necə qiymətləndirəcək? Orada müxtəlif fikirlər ola bilər, amma əsas fikir aparıcının deyil.

İttihamların yeri efir deyil. Aparıcı öz narazılığını efirdən kənarda bildirə, qonaqla, iştirakçıyla öz aralarında fikrini bölüşə bilər. Amma efirdə onu nüfuzdan salmaq, belə bir addım atmaq etikaya uyğun gəlmir.

- Rövşanə Ağasəfqızı İlkin Əhmədovu məsuliyyətsizlikdə günahlandıraraq xalqa və dövlətə hörmətsizlik etdiyini bildirib. Muğam ifaçısı isə tıxacda qaldığına görə verilişə 25 dəqiqə gecikdiyini deyib.

- Xeyr, bu qonağın məsuliyyətsizliyi deyil. Əgər bir qonaq informasiya qaynağıdırsa, bir veriliş üçün çox önəmlidirsə, onun vaxtında gəlməsini televiziya özü təmin etməlidir. Bu hal Azərbaycanda yayılmayıb. Xarici ölkələrdə, eləcə də qardaş Türkiyədə belə qayda mövcuddur.

Türkiyədə mən bir verilişə qatılanda özləri avtomobil göndərib, məni verilişə vaxtında aparıblar. Hər cür hadisə baş verə bilər. Gəlməyə bilərsən, üstəlik Bakıda əgər tıxac bu dərəcədədirsə, tıxacın olduğunu bilə-bilə İlkin Əhmədovu ittiham etmək sözsüz ki, olmaz.

- Bakıda yollarda tıxac olduğunu siz də qeyd etdiniz. İlkin Əhmədovun bunu nəzərə alıb evdən tez çıxması şərt deyildimi?

- Qəti! Ay evindən tez çıxardı, yuxusuz qalardı, əziyyət çəkərdi, piyada gələrdi və sair demək aparıcının, proqramı hazırlayanların acizliyidir, zəifliyidir. Bunu müsahibə aid etmək, müsahibi ittihama tuş gətirmək etik baxımında yolverilməzdir.

- Rövşanə Ağasəfqızı İlkin Əhmədovu verilişin bitməsinə on dəqiqə qaldığı üçün proqram çıxmasına icazə verməyib. Aparıcının belə bir səlahiyyəti varmı? Bu halda İlkin Əhmədov nə etməli idi?

- Bu, İlkin Əhmədovun seçimidir. Sözsüz ki, onun reputasiyasına ziyan dəyibsə, bundan mənəvi zərbə və hətta gələcəkdə maddi zərbəyə çevrilirsə, ictimai rəydə nüfuzu azaldığına görə məhkəməyə verə bilər. Rövşanə Ağasəfqızının qonağı verilişə buraxmamaq kimi səlahiyyəti yoxdur.

- Bəs, qonağın gəlməməsi səbəbindən çətin vəziyyətə düşən aparıcı nə etməliydi?

- Veriliş maqazin xarakterli olsa da, istənilən halda müsahibi efirə buraxmalıydı. Müsahibin efirə buraxılmamasına gəlincə, bu, verilişi əyləncəli etmək, bir-birinə ərkyanə davranmaq idisə, belə bir hal yalnız maqazin xarakterli verilişdə yolveriləndir. Digər verilişlərdə yox.

Amma onların da bir-birinə ərkyanə münasibəti yoxdur. Adam deyir ki, tıxac olub. Tıxac da Bakının dəhşətli bir zülmüdür. Bu reallıqdır. Verilişə böyük hörmət varsa, o adamın gətirilməsini televiziya təmin etməlidir. Bu, televiziyanın borcudur. Müsahib televiziyadan deyil, televiziya müsahibdən asılıdır və ya asılı olmalıdır...


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər