23 Sentyabr 2023 12:07
5 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış meyxanaçı Balaəli Maştağalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Son günlər televiziyalara çıxmamağınızın səbəbi nədir?

- Televiziyalara dəvət olanda çıxıram.

- Hazırda meyxana sahəsini necə dəyərləndirirsiniz?

- Meyxana sahəsi Rəşad Dağlının fəaliyyəti olmadan yaxşı deyil.

- Həbsdə olan Rəşad Dağlının ən yaxın dostlarından biri sizsiniz. Sizinlə telefon vasitəsiylə əlaqə saxlayırmı?

- Bəli, Rəşad Dağlı ilə arada telefon vasitəsiylə əlaqə saxlayırıq. Həbsxanaya ziyarətinə gedirəm.

- Rəşad Dağlının vəziyyəti necədir?

- Yaxşıdır, şükür Allaha.

- Onun övladlarına da çox dəstək olursunuz. Yaxın günlərdə Yusif ilə Betülü Gürcüstana istirahətə aparmışdınız. Rəşad Dağlının ailəsinə maddi dəstək olursunuz?

- Maddi yardım deyincə Allah kömək edir. Biz Rəşad Dağlı ilə dostuq. Dostluq isə odur ki, şad günü ilə yanaşı, çətin günündə də yanında olmalısan. Mən də bacardığımı edirəm. Rəşad Dağlının göstərdiyi dəstəyin yanında bizimki çox kiçikdir. O bizə daha çox dəstək olub. Biz də bacardığımızı edirik, amma dediyim kimi onun dəstəyinin qarşısında bizimki azdır. Rəşad Dağlı ilə dostuq, qardaşıq, bir yerdə çörək kəsmişik. Uşaqlıq illərim onunla keçib, həmişə mənə dəstək olub. İndi bacardığım qədər də çalışıram ki, balaları onun yoxluğunu hiss etməsin.

Təbii ki, Rəşad Dağlının övladları üçün evdə rolu başqadır, uşaqlarının atasıdır. Amma biz də dostu kimi dəstək olmağa çalışırıq.

- Rəşad Dağlının övladları özəl məktəblərin birində təhsil alırlar. Yaxın günlərdə onların təhsilhaqları bir şəxs tərəfindən ödənildi...

- Biz də kim olduğunu bilmirik.

- Bir az öncə Rəşad Dağlının sizinlə telefon vasitəsilə əlaqə saxladığını bildirdiniz. Sizinlə nələri bölüşür?

- Balalarını, dostlarını soruşur. Çox danışa bilmirik. Bildiyiniz kimi vaxtladır və çox danışmaq mümkün deyil.

- Rəşad Dağlı üçün nə demək istərsiniz?

- Rəşad Dağlı şairdir. Xahiş edərdik ki, yaxşı sözlərinə, meyxana sahəsinin inkişafındakı əməyinə görə inşallah əfv olar, cəzası yüngülləşdirilər və azad olar.

- Ətrafındakı bütün dostları Rəşad Dağlıya dəstək olurmu?

- Hamısı deyil, amma yaxşı və yaxın dostları yanındadır. Tanımadığımız dostları var ki, onlar da sağ olsunlar, çox dəstək olurlar.

- Meyxanaçılar arasında münasibət necədir?

- Yaxşıdır, son dövrlərdə musiqili meyxana deyirəm.

- Meyxana sahəsinə marağın azalmasının səbəbi nədir?

- Son günlər toy məclislərində bir-iki qalmaqal baş verdi. Amma gənclər arasında meyxana sahəsi inkişaf edir. Onlara da yer ayırmaq lazımdır. Həmişə mən olmalı deyiləm. Bu sahədə gənclər yetişir. Bizdən öncə ustadlarımız olub, onlar bizə şərait yaradıblar. Biz də bacardığımız qədər gənclərə dəstək oluruq.

- Meyxanalarda vulqar və qeyri-etik ifadələrin işlənməsi zamanla tənqid edilir. Bu haqda nə deyə bilərsiniz?

- Meyxanalarda vulqar söz və qeyri-etik söz işlətmək olmaz. Mən özüm də bunun əleyhinəyəm. Əlbəttə ki, meyxana deyərkən ədəbsizlik etmək olmaz. Səni böyüklər, uşaqlar dinləyirlər. Əvvəllər bu kimi hallar daha çox olurdu. Son günlər baş vermir. Hər şey yaxşıdır. Dövlətimizin də bu sahəyə dəstəyi var. Bizi sevənlər çoxdur. Bu gün xalqımızdan, meyxana sevənlərdən böyük dəstək görürəm. Çox sağ olsunlar.

- Daha çox hansı meyxanaçılar tamaşaçılar tərəfindən sevilir?

- Meyxana sahəsində mərhum meyxanaçılar Aydın Xırdalanlı, Vüqar Biləcəri çox sevilirdilər. Rəşad Dağlı, Orxan Lökbatanlı, Pərviz Bülbülə və məni də sevirlər. Hər meyxanaçının öz sevəni və pərəstişkarı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər