Ermənistanda uzun müddət erməni xalqının müstəsnalığı, digər xalqların şərəf və ləyaqətinin alçaldılması, uydurma bir tarix yaradılması üzərində dəyərlər sistemi formalaşıb. Bu dəyərlər sistemi torpaqlarımızın bir hissəsini işğal edilməsinə, Xocalı Soyqırımına səbəb olub. Yanlış siyasətə güc vermək üçün Ermənistan o vaxtki Moskva rəhbərliyinin dəstəyi ilə Sumqayıt hadisələri törədilib. İndinin özündə də, həmin hadisələrin Azərbaycana və azərbaycanlılara aid olmadığı barədə vaxtaşırı xəbərlər dolaşır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, 10 noyabrdan sonra regionda yeni bir reallıq yaranıb: Artıq Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Ermənistan öz daxili işləri ilə məşğul olmağa məcburdur. Görünən odur ki, Ermənistanda müəyyən dairələr və hakimiyyətin bir hissəsi hələ də özlərinin yaratdığı o qüsurlu dəyərlər sistemindən ayrıla bilmir. Ermənilərin özlərinin törətdiyi Sumqayıt hadisələrini mifləşdirmək, bunu Azərbaycana qarşı istifadə etmək istəyi hələ də onların beyinlərində, fəaliyyətindədir. Azərbaycan Xarici İşlər Nazirliyi də çox düzgün olaraq bu məsələyə etirazını bildirib”.
Millət vəkilinə görə, Ermənistan tərəfi Sumqayıt hadisələri ilə bağlı tarixi materialların və arxivlərin açılmasında maraqlı deyil: “Onlar özləri üçün sadəcə bir mif yaradıb. Bunu ilahiləşdirib sonra isə təbliğ etməyə çalışırlar. Bu faktlarla bağlı arxiv materialları, şahid ifadələri mövcuddur. Ermənistan isə hər zaman bu məsələdən kənarda qalmağa çalışır”.
Aydın Mirzəzadənin fikrincə, Azərbaycan özünün adını, tarixin düzgünlüyünü qorumaq əzmindədir: “Ermənistandan da tələb olunan məhz bu prinsiplərdir. Yeni reallığı hələ dərk etməməyin nümunələrindən biri də Ermənistanın Azərbaycan torpaqlarında rus sülhməramlıların nəzarət etdiyi ərazidə erməni hərbçilərinin keşik çəkmək istəyidir. Açıq şəkildə bu ərazilərə qoşun göndərə bilməsələr də, mülki geyimdə olan erməni vətəndaşlarını ərazilərə keçirmək cəhdləri var. Tikinti materialları daşıyan maşınlarda erməni əsgərlərini bu ərazilərə keçirib hərbi xidmətə cəlb etmək kimi yanlış cəhdlər sözsüz ki, qarşılıqsız qalmayacaq. Bugünkü dünyada heç nəyi gizlətmək mümkün deyil. Azərbaycan bu məsələyə etirazını bildirib, Ermənistan tərəfini də bu cür təxribat xarakterli addımlardan çəkinməyə çağırıb. Azərbaycanın öz suverenliyini qorumaq üçün kifayət qədər imkanları var. Ermənistan da bunu yaddan çıxarmamalıdır. Azərbaycan tərəfdən verilən bəyanatlar da onu göstərdi ki, ölkəmiz mövcud situasiyanı nəzarətdə saxlayır. Ermənistana 10 noyabr sazişindən kənara çıxmamaq tövsiyə edilir”.