19:00
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müstəqillik bəyannaməsini dəyişməklə, konstitusiyanın ona istinadı aradan qalxa bilər kimi yanaşmalar gündəmə gətirilir. Ümumiyyətlə Ermənistanın dövlətçilik anlayışı kökündən yanlış qurulub. Azərbaycan və qonşu Gürcüstan dövlətçiliyini bərpa edərkən öz keçmişlərinə istinad ediblər. Misal üçün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Ermənilər isə Ermənistan SSRİ-yə istinad etməyə çalışıb. Sonrakı dövrdə bundan da imtina edərək, keçmiş Dağlıq Qarabağı Ermənistana birləşmiş formada elan ediblər.

Bu sözləri Teleqraf.com-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

“Ermənilərin dövlətçilik quruluşunda açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları var. Konstitusiyanı ermənilər daha sonra qəbul ediblər. Ona görə də indi sülh istəyirlərsə, müstəqillik bəyannaməsini və konstitusiyanı dəyişməlidirlər”, - deyə o qeyd edib.

Sabiq nazir bildirib ki, indi ermənilər öz ölkələrini ikinci cümhuriyyət adlandırırlar:

“Vaxtilə almanlar da birinci, ikinci, üçüncü reyxdən danışırdı. Fransa isə özünü 4-cü respublika sayır. Əgər ermənilər bəyannaməni və konstitusiyanı dəyişsələr, üçüncü Ermənistan yaratmalı olacaqlar. Siyasi-hüquqi baxımından da bu belədir”.

Tofiq Zülfüqarov 1989-cu ildə ermənilərin hiylə işlədərək, özlərini Ararat respublikasının varisi elan etmədiklərini söyləyib:

“Faktiki olaraq əfsanəvi, tarixi və real Ermənistandan bəhs olunur. Demək ki, erməni toplumunun dövlətçiliyə üç növ baxışı var. Əvvəl Paşinyan da əfsanəvi Ermənistan deyirdi. Sonra biraz düzəliş edib, tarixi Ermənistandan danışdı. İndi isə real Ermənistandan bəhs edir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər