9 Oktyabr 2014 14:26
1 976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faydası saymaqla qurtarmayan narı bu il doyunca dada bilməyəcəyik. Mövsümü olmasına baxmayaraq, bazarlarda hələ də az-az rast gəlinən bu meyvənin qiyməti “əl yandırır”. Baxmayaraq ki, Azərbaycan nar istehsalçısıdır və bu məhsulun qiyməti də ölkəyə idxal olunan məhsullardan ucuz olmalıdır.

Hazırda paytaxt bazarlarında narın bir kiloqramı 1 manat 50 qəpik və ya 2 manata təklif olunur. Satıcılar məhsulu tam yetişmədiyinə görə hələ ucuz satdıqlarını deyirlər. Onların sözlərinə görə, məhsul tam yetişdikdən sonra qiyməti daha da yüksək olacaq.

Narın bu il baha olmasını havanın quraqlıq keçməsi ilə əlaqələndirirlər. Ucarın Şilyan kənd sakini Rahim Əliyev deyir ki, hər il həyətyanı sahədən 1-1.5 ton məhsul götürsə də, bu il bütün ağaclardan yığdığı məhsul 600 kiloqramdan çox olmayıb: “Hər il məhsulu noyabrda yığırdım, bu il nar yığımını da gözləmədim. Su olmadı deyə hamısı elə ağacda quruyub qaldı. Bu gündən sonra guya nə olacaq ki?”

Rahim Əliyev deyir ki, hər il Moskvaya satmaq üçün bir ton məhsul aparsa da, bu il nə həmin bazarı, nə də cibini sevindirə biləcək.

Nar şirəsi bahalaşacaq

Məhsul azlığının şirə istehsal edən müəssisələrin fəaliyyətinə təsir edib-etməyəcəyini öyrənmək üçün bir neçə şirə zavodu ilə əlaqə saxladıq.

İmişli rayonunda yerləşən “Aristokrat” konserv məhsulları istehsalı ilə məşğul olan müəssisənin əməkdaşı Tural Qasımov bildirdi ki, artıq onlarda nar şirəsi istehsalı dayandırılıb: “Hazırda nar şirəsi istehsalını dayandırmışıq, amma bu narın həcmi ilə bağlı deyil. Artıq iki ildir ki, nar tədarük eləmirik ki, bu da texniki məsələlərlə bağlıdır. Lakin şirə istehsal etdiyimiz vaxtlarda məhsulla bağlı problemimiz olmayıb. Yəni ölkə daxilində heç vaxt xammal problemi yaşamamışıq. Bununla yanaşı son vaxtlar vəziyyət bir qədər fərqlidir, çünki həm şirə istehsal edən müəssisələrin sayı çoxalıb, həm də məhsul əvvəlki miqdarda deyil. Bunun əsas səbəbi narın tələbatı ödəməməsi və iqlim dəyişikliyidir”.

Müsahibimiz məhsul qıtlığının nar şirələrinin qiymətinə də təsirsiz ötüşməyəcəyini dedi: “Bu, təbiidir. Şirə istehsalçıları qiymətləri qaldırmaqla bu ziyandan çıxa bilərlər. Yəni qiymətin artacağı gözləniləndir”.

Görünüşünü dəyişən nar

Havaların yağmursuz keçməsi ölkənin nara olan tələbatının 75 faizdən çoxunu təmin edən Göyçay rayonuna da böyük zərər vurub. Bunu isə göyçaylı fermerlər deyirlər. Onların sözlərinə görə, susuzluq üzündən narlar əmtəə görünüşünü itirib. Bundan başqa məhsulun keyfiyyəti də ürəkaçan deyil.

Fermerlərin dediyinə görə, son bir həftədir ki, yağıntı düşür, buna qədər isə ağaclar suvarılmayıb. Nəticədə məhsulda əmələ gələn boz çürümə, göbələk, qara pal xastəlikləri meyvəni yararsız vəziyyətə salıb. Fermerlər xəstəliklər üzündən narın rəngində də qüsurların olduğunu deyirlər.

Qeyd edək ki, Göyçayda iki min hektar nar bağı var. Əsasən Qarabaqqal, Qarayazı, Axalıkənd, Bığır, Qara Xıdır kəndləri istehlak tələbini ödəyir. Ötən il rayonda 43 min ton nar tədarük edilib. Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, bu il quraqlıq hətta susuzluğa dözümlü olan bitkilər üçün də problem yaradıb: “Quraqlığa davamlı olan bitkilər, o cümlədən də nar indiki şəraitdə normal meyvə formalaşdıra bilmir. Bitkinin qidaya olan ehtiyacı ödənilməyəndə həm məhsuldarlığı aşağı olur, həm bitki zəifləyir. Bitki zəif olduğu üçün isə xəstəliklərə, zərərvericilərə məruz qalır ki, bu da meyvədə özünü göstərir. Narda olan bütün xəstəliklər meyvənin əmtəə görünüşünə təsir edir. Ona görə lazım olan preparatların xarici ölkələrdən gətirilməsinə ehtiyac var”.

Ekspert vurğuladı ki, fermerlərin bu sahədə ciddi maariflənməsi vacibdir: “Biz torpaqların deqradasiyası ilə əlaqədar ötən il Göyçayda fermerlərlə görüşmüşük, icra hakimiyyəti ilə əlaqə saxlamışıq. Su təminatı, torpağın becərilməsi haqqında onlara təlimlər keçmişdik, müəyyən tövsiyələr vermişdik. Amma belə tədbirlərin davamlı keçirilməsi uçun maliyyə vəsaiti lazımdır. Ona görə, dövlətin bu sahəyə diqqət ayırmasına ehtiyac var”.

“Yerli növlər daha yaxşıdır”

Kənd təsərrüfatı mütəxəssisi Ənvər Əliyev deyir ki, nar yabanı halda bitərək yayılmış bitkidir və xoşbəxtikdən onun geniş yayılma arealına Azərbaycan da daxil olub: “Nar ciddi qulluq tələb etməyən və faydalı bitkidir. Məhsulu isə çox dəyərlidir. Yəni bu meyvə ilə bağlı xüsusi dövlət proqramı hazırlanarsa, az vaxtda xeyli mənfəət, o cümlədən şöhrət əldə etmək olar. Sovet dönəmində yalnız Göyçayda istehsalçı müəssisə var idisə, hazırda bir neçə rayonda narın emalı ilə məşğul olan şirkətlər var. Amma əsas problem yerli nar növlərinin getdikcə təsərrüfatdan sıxışdırılmasıdır. Düzdür, Əfqanıstan, İspaniya, İtaliyada yetişdirilən nar növləri xəstəliyə daha dözümlü olurlar, məhsuldarlığı da bol olur. Amma faydalılığına görə yerli nar növləri daha yaxşıdır. Yerli növlərin aradan çıxmaması üçün bizə doğma olan bir meyvənin gələcək seleksiyası və yeni növlərinin yaradılması üçün xüsusi sənəd hazırlanmalıdır. Yəni narçılıq fərdi təsərrüfatlarla yanaşı, xüsusi sahələrdə də əkilib-becərilməlidir”.

Ənvər Əliyev deyir ki, qeyri-neft sektorunun inkişafını dəstəklədiyimiz bir zamanda nar təsərrüfatını inkişaf etdirmək məqbuldur: “Bununla nəinki ölkə daxilində tələbatı ödəyərik, eləcə də nar şirələri ilə eksportda uğur qazana bilərik. Bizim nar növlərindən hazırlanan şərablar Fransa, İtaliya, İngiltərədə istehsal olunan məhsuldan heç də geri qalmır. Sadəcə, təqdimat və keyfiyyəti dünya standartlarına uyğunlaşdırmaq lazımdır. Bu isə kapitalizm dövründə ölkədə bir çox sahələrə investisiya qoyuluşunun genişləndiyi bir vaxtda çətin deyil”.

Ekspert nar təsərrüfatını dirçəltmək üçün bu sahəyə elmi cəhətdən yanaşmanı vacib sayır: “Narın yeni növlərini bizim təbiətə uyğunlaşdırmaq lazımdır. Söhbət burada genetik modifikiasiyadan getmir, çünki son illər qiymətli meyvə olduğu üçün modifikasiyaya məruz qalan meyvələrdən biri də nardır. Sadəcə, nara düzgün fitobioloji qulluq etməklə bol məhsul əldə etmək olar”.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər