ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Patrik Rayder PKK terror təşkilatının Türkiyə Aerokosmik Sənayesi Şirkətinə (TUSAŞ) hücumu ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, general Türkiyənin ABŞ üçün mühüm müttəfiq olduğunu deyib.
TUSAŞ-a hücumdan sonra Türkiyə ordusunun Suriyanın şimalında PKK/YPG terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı sualı cavablandıran Rayder ABŞ-ın Ankaranın son terror aktı ilə bağlı qanuni təhlükəsizlik narahatlıqlarını qəbul etdiyini bildirib.
General ABŞ-ın PKK-nı terror təşkilatı kimi gördüyünü söyləyib:
“Burada diqqətçəkən odur ki, iki lider (ABŞ və Türkiyə prezidentləri) NATO müttəfiqi və tərəfdaşlıq baxımından bir-birlərini dəstəkləmək üçün açıq əlaqə xəttini saxlamaqda qərarlıdır”, - Rayder vurğulayıb.
Pentaqon sözçüsü Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları ilə bağlı nə etməli olduğuna dair kommunikasiya kanallarının açıq olduğunu bildirib:
“Hər iki nazir (Yaşar Gülər və Lloyd Ostin) bu məsələdə qərarlıdır. Türk müttəfiqlərimizlə yaxşı koordinasiyamız və ünsiyyətimiz var, bundan sonra da bunu davam etdirəcəyik”.
Türkiyə müdafiə naziri Yaşar Gülər də dünən axşam saatlarında amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb. Nazirlər ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.