Ötən il oktyabrın 25-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş gizir Aydın Abdullayev müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atasına təqdim edilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin nümayəndəsi polkovnik İslam Gəncəliyev mərasimdə çıxış edərək qeyd edib ki, A.Abdullayev Vətəni adına layiq səviyyədə sevib. O, müdafiə nazirinin əmri ilə gizir A.Abdullayevin ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı şəhidin atası Əmiraslan Abdullayevə təqdim edərək, bütün şəhidlərimizin, o cümlədən Aydının da qisasının alınacağını və torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduğunu bildirib.
Şəhid atası Ə.Abdullayev nə qədər ağır olsa da, oğlunun şəhid olmasından qürur hissi keçirdiyini, bu diqqətə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
BƏXTİYAR