30 Oktyabr 2014 01:25
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Bakı konfransının yüksək səviyyədə təşkil olunmasında əvəzsiz rol oynayıb.

Teleqraf.com xəbər verir ki, ümumilikdə 30-dan artıq ölkədən 200-ə yaxın nümayəndənin iştirak etdiyi konfransda enerji sektoru, enerji təhlükəsizliyi, bərpa olunan enerjinin yayılması ilə bağlı çağırışlar, su ehtiyatlarının tənzimlənməsi ilə bağlı məruzələr dinlənilib və mövzular ətrafında müzakirələr aparılıb.
Azərbaycan Konqreslər Bürosu tədbir təşkilatçılarına bütün lazımı informasiya ilə yardım edib və məkanların seçilməsi, yerli təchizatçılarla əlaqələrin yaradılması və proqramlaşdırmada yaxından iştirak edib.

Tədbir zamanı Büro eyni zamanda Azərbaycanın işgüzar turizm məkanı kimi potensialının öyrənilməsi məqsədi ilə iştirakçılar arasında sorğu keçirib.

Bakının möhtəşəm və bənzərsiz turistik yerlərini gəzən qonaqlar, səfərdən məmnunluqlarını ifadə ediblər. ERRA əsasən Mərkəzi Avropa və Avrasiya regionunda çalışan müstəqil enerji idarəçilərini bir araya gətirən könüllü təşkilatdır. Təşkilatın Afrika, Asiya, Yaxın Şərq və ABŞ-da filialları var. ERRA-nın yaradılmasında əsas məqsəd tənzimləyici təcrübə mübadiləsinin aparılması və uğurlu təcrübələrin müəyyən edilməsidir.

Təşkilat 2001-ci ildən 15 üzv ilə tam şəkildə fəaliyyətə başlayıb. Hal-hazırda təşkilatın 24 tamhüquqlu üzvü, 5 assosiativ üzvü və 7 filialı var.

Qeyd edək ki, 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılmış Azərbaycan Konqreslər Bürosu fəaliyyətə başladığı ilk günlərdən Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi və Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi tanınması üçün çalışır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər