Azərbaycanda ailə quran tərəflər arasında bağlanan nikah müqavilələrinin sayı rəsmi nikahların 1 faizini də təşkil etmir.
Bunu Teleqraf.com-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Artıb-azalan statistika...
Komitə rəsmisi bağlanan nikahların statistikası barədə də məlumat verib: “2009-cu ildə 54, 2010-cu ildə 88, 2011-ci ildə 58, 2012-ci ildə 64, 2013-cü ildə 71, 2014-ci ildə 83, 2015-cu ilin 3 ayı ərzində 23 nikah müqaviləsi qeydə alınıb. Müqavilələrin əksəriyyəti yerli vətəndaşlar arasında bağlanıb”.
Azərbaycanda nikah müqaviləsi bağlama ənənəsinin zəif olduğunu deyən Elgün Səfərov qeyd edib ki, Dövlət Komitəsinin maarifləndirmə fəaliyyətinə baxmayaraq vətəndaşların nikah müqaviləsinə marağını gücləndirmək hələ ki mümkün olmayıb: “Onu da deyim ki, evlənənlər arasında bağlanan mülki müqavilələr, o cümlədən nikah müqaviləsi boşanma münasibətlərini əks etdirmir. Bu, yalnız mülki münasibətləri tənzimləyir. Əksər insanlar bunu düzgün başa düşmür, belə müqavilələri boşanma şərtləri kimi qəbul edirlər”.
Komitə rəsmisinin sözlərinə görə, nikah müqaviləsi nikahın dövlət qeydiyyatına alınması zamanı, eləcə də cütlük nikaha girdikdən sonra istənilən vaxtda bağlana bilər: “Nikah müqaviləsinin bağlanması məcburi deyil, tərəflərin iradəsindən və qarşılıqlı razılığından asılıdır. Nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilən andan nikah müqaviləsinə də xitam verilir.
Tərəflərin müqaviləni razılaşdırmasından çox şey asılıdır. Məsələn, tərəflər evlənən zaman boşanma olarsa mülkin kimdə qalacağını da müəyyən edə bilər. Boşanma olacağı zamanı mülk kimdədirsə həmin şəxsdə qalır”.
Qeyd edək ki, ər-arvad nikah müqaviləsi bağlamaqla ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək imkanına malikdirlər.
“Nikah müqaviləsi iqtisadi cəhətdən də vacibdir”
Millət vəkili Vahid Əhmədovun sözlərinə görə, ailə qurmağa hazırlaşanlar arasında nikah müqaviləsinin bağlanması vacibdir: “Evləndikdən sonra boşanmalar zamanı məhkəmələrdə, ailədaxili digər problemlər yarananda nikah müqaviləsinin və oradakı əmlak siyahısının böyük əhəmiyyəti olur.
Nikah müqaviləsinin olması ailə quran insanlar üçün iqtisadi cəhətdən də vacibdir. Bu, gələcəkdə hər hansı xoşagəlməz hal olduqda onların iqtisadi müstəqilliyinin təmin edilməsində mühüm rol oynaya bilər. Bununla bağlı Azərbaycanda qanunvericilik bazası yaradılıb, lakin cəmiyyətin böyük hissəsi hələlik bunu o qədər qəbul etmir. Fikrimcə, zamanla nikah müqavilələrinin bağlanmasının sayı artacaq”.
Hər iki tərəfin mənafeyi....
Hüquqşünas İradə Cavadova deyir ki, nikah müqaviləsini hüquqşünaslar tərtib edir: “Müqavilə ailə qurmamışdan əvvəl də tərtib oluna bilər, amma onun qüvvəyə minməsi üçün nikah lazımdır. Müqavilə həm nikah dövrü, həm də nikahdan sonra da qüvvədə ola bilir. Təkcə nikahdan əvvəl yox, hətta 5-10 ildir evli olanlar da nikah müqaviləsi bağlaya bilərlər.
Müqavilə həmçinin boşanma zamanı bir çox problemlərin həllinə də yardım edir. Hətta boşanmadan sonra uşaqlarla görüş, mülkiyyətin verilməsi, səhmlər və sair, nə qədər şərt istəsəniz bu müqavilədə əksini tapa bilər. Təbii ki, bu şərtlər qanunvericiliyə zidd olmamalı, qarşı tərəfin vəziyyətini çətinləşdirməməli, hər birinin mənafeyi qorunmalıdır”.
“Bu müqavilədən sui-istifadə edənlər də olur”
Psixoloq Vəfa Rəşidova deyir ki, Azərbaycan cəmiyyətində həm adət-ənənə, həm də dini yanaşma paralellik təşkil edir: “Azərbaycanda adət-ənənələr həmişə üstün olub. Bu səbəbdən bəzən ailə quranlar rəsmi nikah qeydiyyatından qaçırlar. Onlar üçün məsələnin hüquqi aspekti çox vaxt arxa planda qalır. Bizim cəmiyyətdə hamı öz hüquqlarından danışır, amma vəzifələrimizi unuduruq. Bu, doğru deyil”.
Nikah müqavilələrinə gəlincə, psixoloq bildirib ki, müqavilənin bağlanması ailə quran şəxslər üçün çox vacibdir: “Ailədə əsas məsələ münasibətlərin şəffaf olması, tərəflərin bir-birinə qarşı anlayış göstərməsidir. Fikrimcə, nikah müqavilələrinin bağlanmasına böyük ehtiyac var. Belə rəsmi razılaşmaya marağın artırılması üçün davamlı maarifçilik işi tələb olunur. Bəzən müqavilənin yoxluğundan sui-istifadə edənlər də tapılır. Ona görə bir müddət ailəli olduqdan sonra boşandıqda mülk üstündə uzun mübahisələr gedir.
Təsadüfi deyil ki, Azərbaycan məhkəmələrində baxılan işlərin çoxu məhz ailə-məişət zəminində mübahisələr, boşanmalar və mülki məsələlərlə bağlıdır. Lakin nikah müqaviləsi olduqda tərəflər öz hüquqları ilə yanaşı, vəzifələrini də bilib daha məsuliyyətli olarlar”.
Ailə Məcəlləsinin 38-ci maddəsinə görə, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
İlhamə ƏBÜLFƏT