“Yetkinlik yaşına çatmayanların, xüsusilə, 18 yaşdan aşağı olanların azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilməli, aşağı endirilməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə (MM) təşkil olunmuş “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunverciliyin təkmilləşdirilməsi” adlı dəyirmi masada çıxışı zamanı UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze deyib.
Onun sözlərinə görə, 10 illik cəza müddəti ən azı 8 ilə endirilməlidir. O, deyib ki, Qərbdə, Avropa ölkələrində yetkinlik yaşına çatmayanların azadlıqdan məhrumetmə cəzası 6 ildən yuxarı deyil.
A.Şilakadze Azərbaycanda insan hüquqları, o cümlədən, uşaq hüquqlarının təmin edilməsi, bu yöndə qanunvericiliyin təkmilləşdirilməsi istiqmətində uğurlu addımların atıldığını qeyd edib.
Eyni zamanda, əlavə edib ki, özünün çox sürətli inkişaf dövrünü yaşayan bir ölkənin-Azərbaycanın bu inkişafı ondan insan hüquqları, xüsusilə, uşaq hüquqları ilə bağlı qanunverciliyi növbəti dəfə təkmilləşdirməyi tələb edir:
“Bildiyiniz kimi, dünyada uşaq hüquqları ilə bağlı ən vacib sənəd BMT-nin Uşaq hüquqları Konvensiyası sayılır. Həmin Konvensiyanın 37-ci maddəsində də uşaqlarla, yetkinlik yaşına çatmayanlarla bağlı ən son addım kimi onların azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Yəni, bunun özü onu göstərir ki, müəyyən hüquq pozuntularına yol vermiş uşaqları, yetkinlik yaşına çatmayanları nəinki istintaq altında, istintaq təcridxanlarında saxlamaq, əksinə, onları yenidən cəmiyyətə, ailəyə qazandırmaq lazımdır. Onların azadlıqdan məhrum edilməsi ən son addım kimi seçilməlidir və bu məsələdə yüngülləşdirici hallar nəzərdə tutulmalıdır.
Məsələn, Braziliyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, istintaq cəlb olunmuş 65 uşağın saxlanılması xərclərinə 140 uşağın normal təhsil almasını qarşılamaq, vəsaiti oraya yönəltmək olar. Bu, özü nəticə çıxarmaq üçün gözəl bir imkandır”.
Nemət