4 Aprel 20:01
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Külli miqdarda dələduzluqda ittiham olunan “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, “Gerlift Group” MMC-nin təsisçisi və direktoru Tural Nəcəfov özünü tikinti sahəsində fasad şüşələrinə xidmət avadanlığının, turniketlərin xarici ölkələrdən gətizdirməklə quraşdırılması sahəsində çalışan geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edib.

O, Dövlət Gömrük Komitəsinin İnfrastrukturun İnkişafı İdarəsinin rəisi Abuzər Məmmədovun, sabiq deputat Hacı Salayevin və digərlərinin inam və etibarını qazana blib.

Fasad xidmət avadanlığının alınaraq “Azərterminalkompleks” Birliyinə verilməsi ilə bağlı 265 min manatlıq müqavilə imzalayıb. Bundan başqa T.Nəcəfov Dövlət Gömrük Komitəsinin (DGK) inşası davam edən yeni inzibati binasına turneketlər quraşdıracağını da vəd edib.

“Gerlift Group” MMC ilə Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi arasında 146 min manat civarında kommersiya müqaviləsi bağlanılıb.

T.Nəcəfov verdiyi vədlərə əməl etməyib, qeyd olunan vəsaiti təyinatı üzrə xərcləməyib, öz şəxsi ehtiyaclarına sərf edib. Bununla da adıçəkilən quruma külli miqdarda (390 min manat) ziyan vurub.

Digər zərərçəkmişlər də eyni üsulla aldadılıb.

İş üzrə zərərçəkmiş qismində tanınan sabiq deputat Hacı Salayevin Yasamal rayonu, H.Cavid küçəsində yerləşən fərdi yaşayış evinə Almaniya istehsalı olan 630 kq yükdaşıma qabilliyətinə malik liftin xaricdən sifariş verilməsi üçün ümumi dəyəri 157 min manatlıq müqavilə imzalayıb. Lakin vədinə əməl etməyib.

Təqsirləndirilən Tural Nəcəfov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində 2011-ci ildən turniketlər, lift, avtomatik qapıların ölkə xaricindən alınıb gətirilməsi və quraşdırılması işi ilə məşğul olduğunu, bəzi avadanlıqların Azərbaycanda ilk dəfə gətirilməsinə nail olduğunu deyib.

Zərərçəkmiş Nəcib Səlimov ifadəsində göstərib ki, “Gerlift Group” MMC ilə müqavilə bağlayıb: “Müqavilə bağlamışdım, pulu yavaş-yavaş ödəyirdim, hər dəfə ödəniş edəndə qəbz verirdi. Sorğu göndərdim. Tural dedi ki, liftlər gəlib, Türkiyədədir. Şəkillərini göndərməsini istədim. Dedi ki, elə yerdəyəm ki, buraxmırlar. Məndən relslərin pulunu istədi. Fikirləşdim ki, pulu verim, gəlib quraşdırsın. Lifti avqustda quraşdırıb təhvil verməli idi. Gecikmənin səbəbini soruşanda bəhanələr gətirirdi, deyirdi ki, Avstriyadan mallar gəlməkdədir. Sonradan zəng vurdum, cavab vermədi. Məlum oldu ki, tutublar”.

Şahid qismində dindirilən Balağa Zərbəliyev ifadəsində cinayət işi üzrə zərərçəkmiş qsimində tanınan sabiq deputat Hacı Salayevə hüquqi xidmət göstərdiyini, birlikdə çalışdıqlarını deyib. Hüquqşünas bildirib ki, sabiq deputata məxsus H.Cavid küçəsindəki 5 mərtəbəli fərdi yaşayış evinə Almaniya istehsalı olan 630 kq lift quraşdırması ilə bağlı “Gerlift Group” MMC – nin direktoru Tural Nəcəfovla müqavilə bağlanılıb: “Ödəmələrdə özüm də iştirak etmişəm. Hissə-hissə olmaqla ümumilikdə 156 min avro ödənilib”.

Hakim R.Sadıxov şahiddən sabiq deputat H.Salayevin harada olduğunu soruşub. B.Zərbəliyev sabiq deputatın hazırda ölkə xaricində olduğunu deyib. Hakim zərərçəkmişin məhkəmədə iştirakının vacib olduğunu onun diqqətinə çatdırıb: “Zərərçəkmiş özü məhkəmədə iştirak etməlidir. Siz şahidsiniz, bəzi məsələlər var ki, sizə aid deyil, mütləq özü gəlməlidir”.

Məhkəmə prosesi aprelin 23-də davam edəcək.

Cinayət işi üzrə zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyi, sabiq deputat Hacı Salayev, həmçinin Nəcib Səlimov və Bəxtiyar Məmmədov adlı şəxslər tanınıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Nəcəfov özünü geniş təcrübəyə, işgüzar əlaqələrə malik etibarlı iş adamı kimi təqdim edərək zərərçəkmişlərin inam və etibarını qazana bilib.

Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinə 265 min 721 manat, sabiq deputat H.Salayevə isə 157 min manat civarında külli miqdarda zərər dəyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər