13 Dekabr 2017 09:40
5 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

…erməni şairəsi, hələ SSRİ dönəmində türk düşmənçiliyini açıq şəkildə təbliğ edən Silva Kaputikyan müasir erməni kimliyinin əsasını təşkil edən bu amillərin vəhdətini saxlamaq, lakin əhəmiyyətlərinə görə yerlərini dəyişmək şərti ilə yeni model təklif etmişdi. Nifrət, natamamlıq kompleksi üzərində qurulmuş həmin formulda din – Rəbb və erməni kilsəsi arxa plana keçmiş, siyasi miflərə isə aparıcı yer verilmişdi: “Ey Aram (bütün ermənilərə müraciətlə), sənin düşmənin türkdür… Sənin üçün vətən Rəbbdən, kilsə vətəndən, Böyük Tiqran kilsədən, Böyük Ermənistan isə Böyük Tiqrandan vacib olmalıdır”.

Bu fikirlər Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Araz Qurbanovun oktyabr ayında işıq üzü görən “Müsəlman ermənilər”. Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabında yer alıb.

Teleqraf.com geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabın hissə-hissə dərcini davam etdirir:

(Əvvəli burada)

“Ermənilik” nədir və Ermənistanda etnik identikliyi necə müəyyən edirlər?

“Etnik kimliyin müəyyən olunmasının ən asan yolu onu valideynlərdən soruşmaqdır”

Həyat təcrübəsi

“Dədəniz tarixinizlə bağlı sizə nə demişdirsə, siz osunuz!”

Metin Gültan,

Həmşinli araşdırmaçı

Yazıçı Hovanes Tumanyan erməni xalqını uçuruma sürükləyən total paranoya və natamamlıq kompleksindən xilas olmağın bir yolunun da «daxili xəstəliklərin» müalicə olunmasında görürdü: “Əsl qurtuluş daxildən başlamalıdır, çünki biz daxilən xəstəyik”. Tarix göstərdi ki, erməni xalqının «daxili xəstəliyi» onun siyasətçilərinin, üzdəniraq alim və din xadimlərinin iddiaları üzündən bu gün daha da kəskinləşmiş və xroniki xarakter almışdır. Eçmiədzin Sinodunun prokuroru A.Frenkel də hələ 1907-ci ildə Müqəddəs Sinoda təqdim etdiyi arayışında bu diaqnozun yaratdığı fəsadlara toxunaraq aşağıdakı «epiqrizi» vermişdir: «Erməni tarixçilərinin – istər qədim, istərsə də müasirlərinin ən yaxşılarının yazdıqlarını diqqətlə oxuyanda bu xalqın böyük dühalarının da erməni gerçəkliklərinə bədbin baxışlarına heyrətlənməyə bilmirsən. Sanki tamahkarlıq, fitnə-fəsad, yalandan andiçmə, satqınlıq, yaltaqlıq bu tayfanın əsas milli xüsusiyyətləridir. Erməni xalqı bu keyfiyyətlərinin üzündən həmişə hakimiyyəti altında olduğu xalq tərəfindən assimilyasiya edilməyə çox yaxın olmuşdur». Yüz on il əvvəl verilmiş diaqnoz XXI əsrdə də erməni etnopsixologiyasının ən ağır daxili xəstəliyi olaraq qalmışdır.

Ermənistanlı professor Suren Sərkisyan müasir erməni xalqının etnik və mədəni müxtəlifliyinin səbəbini onun tarix boyu yaşadığı «inanılmaz müsibətlərin acı nəticələri» kimi izah etməyə çalışmışdır. Onun «Arsax erməniləri antropoloji və coğrafi kontekstdə» adlı məqaləsində ortaya atdığı iddialardan bu qənaətə gəlmək olur ki, regionun digər xalqlarının yüzilliklər ərzində yeganə məşğuliyyəti erməniləri, xüsusilə gənc qadın və qızları əsir götürmək, onları etnik kimliklərindən ayırmaq, «tarixi vətənlərindən» kənara aparıb din və dillərini zorən dəyişdirmək və s. olmuşdu. Bütün bunların nəticəsində «Həmin ermənilərin törəmələri indi Avropa, Kiçik Asiya, Suriya və Qafqaz ərazilərindəki müsəlman və xristian əhalinin – suriyalıların, yunanların, ləzgilərin, farsların, türklərin tərkibində qalaraq, erməni dilinə, dininə, tarixinə və məişətinə yad olan həyat tərzinin daşıyıcılarına çevrilmişlər». Professor S.Sərkisyan bu fikirləri ilə dolayı yolla da olsa, erməni xalqının etnik kimlikdən daha çox dini mənsubiyyət üzərində formalaşmış polietnik toplum olmasını təsdiqləmişdir.

Əvvəlki materiallarda göstərildiyi kimi, erməni xalqının etnik kimliyi iki sütun üzərində qurulmuşdur. Onlardan birincisi dini mənsubiyyət vasitəsilə etnik kimliyi təyin edən «ermənilik» prinsipidir. Həmin prinsipə əsasən, «erməni» termini etnonim kimi şərtidir və daha çox «qriqorianlıq» kəlməsinin sinonimi olan konfessionimdir, yəni müəyyən dini təlimə tapınan insanların birliyini ifadə edir. İkinci sütun isə regionun bütün xalqlarından fərqli olaraq ermənilərdə etnik kimliyin ana xətti ilə müəyyən edilməsidir.

Əvvəlcə, birinci «sütun» haqqında. Assuriya, Babilistan kimi qədim dövlətlərdə sami mənşəli «milu» və ya «millə» kəlmələri ilk dövrlərdə fərqli dini icmaları ifadə etmişdir. İslam dininin təşəkkülündən sonra eyni coğrafi ərazidə yaşayan, eyni dinə tapınan icmaların (mille) vahid inanc mərkəzi ətrafında birləşməsi son nəticədə «millət» fenomenini yaratmışdır. Məsələn, Osmanlı dövlətində təbəələr aşağıdakı «millət» sisteminə əsasən bölünsələr də, dini mənsubiyyətlərindən asılı olmayaraq «osmanlı» politonimi ətrafında cəmləşmişdilər:

1. İslam milləti – türklər, kürdlər, ərəblər, boşnaklar, lazlar, tatarlar, müsəlman ermənilər, gürcülər, acarlar, albanların böyük hissəsi və s.;

2. Milləti-Rum (romeylər/romalılar) – yunanlar, pravoslav türklər (qaramanlılar, qaqauzlar, bəzi qıpçıq tayfaları), slavyanlar (bolqarlar, serblər), rumınlar, albanlar və s.;

3. Erməni milləti (milləti-sadiqə) – etnik mənsubiyyətindən asılı olmayaraq xristianlığın qriqorian məzhəbinə tapınınlar;

4. Musəvi milləti – yəhudilər.

Osmanlı dövlətində sultan həm «xəlifə», həm də «Rum hökmdarı» titulunu daşıdığı üçün müsəlman milləti bilavasitə sultanın, pravoslavlar, qriqorianlar və yəhudilər isə İstanbuldakı dini rəhbərlərinin vasitəsi ilə idarə olunurdular. Lakin XIX əsrin əvvəllərində aparılmış Tənzimat (modernləşmə) islahatları zamanı bu termin əvvəlcə dominant sünni məzhəbinə aid olmayan digər islam məzhəblərinə və cərəyanlarına, az sonra isə etnik azlıqlara da şamil edilmişdi. Ermənilər o dövrdə də etnik zəmində vahid millət kimi formalaşa bilməmiş, bir-bir ilə ziddiyyətdə olan xristian məzhəblərinə – qriqorian, katolik və protestantlara bölünmüşdülər. Onu da qeyd edək ki, orta əsrlərdə Şərq dünyasında bir çox dini birliklərdə (millətlərdə) bir etnosun tədricən dominant mövqe tutması və digərlərini assimilyasiya etməsi də «millət» termininin tədricən dini birlikdən «etnik toplum» anlayışına transformasiyasını sürətləndirmişdir. Xatırladaq ki, bu gün «monoetnik din» və ya «monoetnik məzhəb» kimi tanıdığımız bütün inanclar, məsələn, iudaizm, yezidilik, o cümlədən xristianlığın qriqorian məzhəbi də bu yolu keçmiş, ilk dövrlərdə polietnik xarakter daşımışdır.

Müasir beynəlxalq hüquq isə ənənəvi «millət» (ing. nation) termininin mahiyyətinə öz düzəlişlərini etmiş, onu dini və etnik çərçivədən çıxararaq, ölkə vətəndaşlarının siyasi, sosial-iqtisadi və mədəni birliyi səviyyəsinə yüksəltmişdir. Belə yanaşma isə vətəndaşlardan ibarət «siyasi millət» anlayışını və onun dövlətçiliyini bildirən «milli dövlət» (nations state) ifadəsini gündəmə gətirmişdir. Məsələn, 2016-cı ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərdən sonra «milli» termini və onun törəməsi olan «millət» anlayışı da digər sivil dövlətlərdə olduğu kimi «Azərbaycan xalqı», «azərbaycanlılar» politonimlərinin və «vahid siyasi millət» termininin sinoniminə çevrilmişdir. Bu gün etnik rəngarəngliyi ilə seçilən ABŞ qanunlarına əsasən, «Amerika milləti», Rusiya Federasiyasında «Rusiya milləti», Türkiyədə isə «Türk milləti» politonimləri də eyni məzmunu daşımaqdadır.

Lakin onu da etiraf edək ki, xalqlararası və dinlərarası dialoqun qurulmasına yönəlik bütün səylər hələlik nəinki qlobal, hətta regional miqyasda belə əhəmiyyətli nəticə əldə edə bilməmişdir. Əksinə, dünyanın bir çox dövlətlərində, hətta dialoq təşəbbüsünün müəllifi sayılan Avropa ölkələrində əks-prosesə səbəb olmuş, burada etnik və dini identikliyə qayıdış meyilləri geniş vüsət almışdır. Dialoq iştirakçısı olan tərəflərdə, istər Qərb, istərsə də Şərq dünyasında ifrat millətçiliyin və ya dini radikalizm təzahürlərinin artmasının arxasında məhz ksenofobiya – başqalarına münasibətdə qorxu və dözümsüzlük, etnik və dini natamamlıq kompleksi dayanmaqdadır. Hovanes Tumanyanın öz xalqının psixoloji-mənəvi durumuna dəqiqliklə verdiyi diaqnozda da bu xüsusiyyətlər yer almışdır…

Qriqorian kilsəsi «islamlaşdırılmış» ermənilərin «etnik erməni» kimi identifikasiya edilməsinə hələ də müqavimət göstərməkdədir. İstanbul arxiyepiskopu Aram Ateşyan da uzun müddət belə mövqedə olmuş və bunu açıq şəkildə «erməni» kəlməsinin dini mənsubiyyət ifadə etməsi ilə əlaqələndirmişdir. Təsadüfi deyildir ki, Türkiyədəki erməni təşkilatları və erməni kilsəsi heç də müsəlman ermənilərin deyil, onların «xristianlığa qayıtmış» qruplarının şəxsiyyət sənədlərində «erməni» sözünün yazılmasında iddialıdırlar. Bu gün Ermənistanın etmissarları, erməni diasporası və Türkiyədəki erməni təşkilatları rəsmi Ankaradan «etnik və dini kimliklərinə» qayıtmış kriptoermənilərin sənədlərinə «erməni» sözünün yazılmasını tələb edirlər. Halbuki, Ermənistan Respublikasının vətəndaşlıq pasportlarında və şəxsiyyət haqqında şəhadətnamələrində şəxsin etnik kimliyi göstərilmir. Digər tərəfdən, natamamlıq kompleksindən irəli gələn erməni kimliyi isterikası burada elə bir həddə çatdırılmışdır ki, «Vətəndaşlıq vəziyyətinə dair aktlar haqqında» Ermənistan Respublikası Qanununa müvafiq əlavə və düzəlişlər edilmiş, doğum haqqında şəhadətnaməyə məcburi qaydada uşağın və valideynlərin etnik mənsubiyyətinin (maddə 22) yazılması müəyyən olunmuşdur. Erməni İnqilab Federasiyası – Daşnaksütyunun və 2017-ci ilədək müstəqil siyasi təşkilat olan «Orinats Yerkir» (Erməni İntibahı) Partiyasının «ümummilli erməni ideologiyası əsasında» birgə hazırladıqları bu qaydalar nikah haqqında ərizəyə və şəhadətnaməyə (maddələr – 26, 30), boşanma ərizəsinə (maddə 34), övladlığa götürülməyə dair ərizə və şəhadətnaməyə (maddələr – 42, 43), ad və ya soyadın dəyişdirilməsinə dair sənədlərə (maddələr – 59, 61-62) və s. şamil edilmişdir.

Son iyirmi il ərzində Ermənistan Respublikasının daxili və xarici siyasət səhnəsinə yeni personajların – müsəlman ermənilərin sürətlə daxil edilməsi, həmin məsələnin təbliğatda geniş istifadə olunması italiyalıların məşhur zərb-məsəlini xatırladır. Hər hansı bir informasiyanın gerçəkliyi onlarda şübhə yaradanda deyirlər: «Se non e vero, e ben trovato». Yəni «Əlbəttə, bu yalandır, amma çox yaxşı fikirləşiblər». Sirr deyildir ki, erməni tarixçiləri yalan uydurmaqda və onu reallıq kimi təqdim etməkdə fitri istedada və yüzillik təcrübəyə sahibdirlər. Amma təcrübə göstərir ki, yalanı gizlətmək üçün cidd-cəhdlə hazırladıqları ideoloji örtüklər və faktoidlər çox şəffafdır, orta statistik erməniyə təlqin edilən etnik kimlik meyarlarının qaranlıq məqamlarını gizlədə bilmir.

Din Ermənistanda tədricən özünün siyasi gücünü itirsə də, hələ də ümumerməni ideologiyasının əsasını təşkil etməkdədir. Bununla belə, «müsəlman ermənilər»in etnik erməni kimi tanınmasında Ermənistan yol ayrıcında dayanmıq, ya qriqorianlığın ənənəvi doqmaları, ya da etnik özünüqoruma «instinkti» arasında seçim etmək məcburiyyətində qalmışdır. Xrisitan dininin ehkamları isə etnik identiklikdə dini fərqlərin olmasını tamamilə istisna edir. İncildə – «Mattanın Müjdəsi»ndə İsa Məsih hətta bir ailə daxilində din fərqinin yolverilməzliyi haqqında bunları deyir: «Elə düşünməyin ki, mən dünyaya sülh gətirmək üçün gəlmişəm… mən qılınc gətirmişəm. Mən oğulu atasından, qızı anasından, gəlini qayınanasından ayırmaq üçün gəlmişəm. Çünki insanın düşməni onun ailəsinin içindədir» (10, 34-36). Tarixçi Manuk Abeqyan «tarixi vətən», «vahid etnos» şüarları ilə xristianlığın prinsipləri arasında yaşanan ziddiyyətlərə toxunmadan ermənilərin etnik kimlik və etnogenez problemlərinin köklərini tarixin qaranlıq qatlarında axtarmaqdadır: «Erməni xalqının kökü haradadır, necə, nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəlmişdir? Onlar «erməni» olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olmuşlar? Onların dilinə və etnik tərkibinə kimlər, necə təsir göstərmişlər? Təəssüf ki, bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq sübutlar yoxdur». Tarix isə sübut edir ki, ermənilərdə «gerçək vətən» anlayışı olmamışdır və bu məfhumu nostalji hisslər, nağıl və rəvayətlərdən yoğrulmuş «itirilmiş vətən» mifi əvəz edir. Digər tərəfdən, tarixin dərsləri onu da göstərir ki, güclü himayədarları olmadan ermənilər məskunlaşdıqları əraziləri nə qorumaq, nə də qayğısına qalmaq qabiliyyətinə malikdirlər. «Erməni məsələsi»nin, türklərə və müsəlmanlara nifrət hissinin hakim olduğu «unikal erməni etnik identikliyi formulu» axtarışının mahiyyətini isə erməni mənşəli Amerika yazıçısı Vilyam Saroyan dəqiqliklə belə ifadə etmişdir: «Nə qədər ki, iki erməni bir-biri ilə rastlaşıb dünyanın hər hansı guşəsində «yeni Ermənistan» yaratmayıblar, onlar nə gülüb-oxuyacaq, nə də Rəbbə ibadət edəcəklər».

Birmənalı olaraq, «erməni» kəlməsi başqa xalqların haylara verdikləri politonimdir. Araşdırmalara əsasən, bu ifadə müasir etnonim mərhələsinə çatanadək iki uzun mərhələdən keçməli olmuşdur. Birinci mərhələdə «erməni» kəlməsi etnik və dini mənşəyindən asılı olmayaraq coğrafi ərazi mənsubiyyətini, qədim mənbələrdəki «Armina», «Armeniya» və ya «Ərməniyyə» adlanan coğrafi məkanda yaşamış bütün əhalini ifadə etmişdir. Məsələn, «afrikalı», «avropalı», «asiyalı», «hindistanlı», eləcə də «azərbaycanlı», «anadolulu» kimi və s. Tarix onu da sübut edir ki, «ilk erməni patriarxı» kimi təqdim olunan Müqəddəs Qriqori, Müqəddəs Qayane və başqaları etnik hay olmamış, bu coğrafi ərazidə doğulduqları üçün «erməni» adlandırılmışlar. Kappadokiyada xristianlığı qəbul etdikdən sonra «Qriqori» (Qriqoris) adını götürmüş Suren parfiyalı (Karen sülaləsinin nümayəndəsi), Qayane isə etnik yunan olmuşlar. Yəhudi mənşəli Saak (İsaak) Baqratın (Pakratın) sifarişi ilə «Tarix» kitabını yazan Movses Xorenatsinin qəhrəmanı – hayları Babilistan əsarətindən qaçıraraq Ağrı dağının ətəklərinə gətirən Hayk haqqında əfsanə isə Həzrət Musanın yəhudiləri Misirdən çıxarmasından bəhs edən Tövrat hekayətinin «remiks variantıdır».

«Erməni» termininin növbəti yozumunu şərtləndirən ikinci mərhələ isə Şərqi Roma kilsəsinin qriqorianlığı «batil cərəyan» elan etməsi ilə bağlıdır. Bu zaman fəaliyyətini Armina (Şərqi Anadolu) əraziləri ilə məhdudlaşdıran qriqorian məzhəbinin polietnik ardıcıllarına da məhz həmin coğrafi məkana görə «erməni» deyilməyə başlanılmışdı. Zaman keçdikcə haylar bu məzhəb içərisində artaraq dominat mövqe tutmuş və yalnız VII-VIII əsrlərdə İncil mətnləri arami dilindən hay dilinə çevrilmişdir. Nəticədə, haylar məhz məzhəb mənsubiyyətinə görə «erməni» adlandırılır və bu ənənə indiyədək gəlib çatmışdır. Əlavə sübut üçün erməni katolikosu Simeon Yerevantsinin (1710-1780) «Cambr» əsərinə müraciət edək. O da bildirir ki, «erməni xalqı» ifadəsi Müqəddəs Qriqori bu ərazidə yaşayan əhalini vəftiz etdikdən sonra yaranmış və dini identiklik bildirmişdir. Eyni zamanda, yəhudilik və erməni-qriqorian kilsəsi arasında paralelləri göstərən Simeon Yerevantsi yazır: «Onun (Qriqorinin) göstərişi ilə bütün erməni kilsələrinin anası olan məbəd ucaldıldı… Keçmiş zamanlarda Rəbb Musaya ilahi ruhun məskunlaşması, oranın müqəddəs məkan və qədim xalqın (yəhudilər) sığınacağı olması üçün skiniyanın (ibadət yerinin) quruluşunu göstərdiyi kimi, Qriqoriyə YENİ XALQIN – erməni xalqının pənah gətirməsi üçün məbəd quruluşunu vermişdi».

Görkəmli rus publisisti Vasili Veliçko 1904-cü ildə işıq üzü görmüş «Qafqaz – Rusiya işi və tayfalararası məsələlər» kitabında professor D.Anuçinə istinadən erməni xalqının polietnik toplum olduğunu vurğulamışdır: «Ermənilər heç də ari tayfalarına aid deyillər. Sadəcə olaraq, onların dilləri ariləşdirilmişdir». Müəllif professorun fikirlərinə öz qənaətlərini də əlavə etmişdir: «Ermənilərin damarlarında müxtəlif xalqların qanı axır… Bu qaranlıq fonda parlaq istisnalar isə döyüşkən xalqların qanı ilə bağlıdır». Hətta XIX əsrin 80-90-cı illərində Tiflisdə erməni dilində çıxan «Murç» jurnalında da ermənilərin mimikriyaya meyli və onun əksər hissəsinin digər xalqların nümayəndələrindən ibarət olması etiraf edilmişdi. Məsələn, 1887-ci ildə jurnalda dərc edilmiş «Ermənilər və qaraçılar» başlıqlı məqalədə bildirilirdi ki, «Özlərini «erməni» adlandıranların heç də hamısı köklü erməni tayfasına aid deyil. Onların arasında vaxtilə Türkiyədən köç etmiş kürdlər və qaraçılar da vardır».

Görkəmli avstriyalı şərqşünas, mərhum Erix Fayql Azərbaycan və Türkiyə ermənişünaslığının qüsurlarından birinin «hay» etnonimi ilə «erməni» konfessioniminin eyniləşdirilməsi olduğunu dəfələrlə bildirmişdi. Alim orta əsr mənbələrinə istinadən israr edirdi ki, «erməni» kəlməsinə xristianlığın qriqorian məzhəbinə mənsubiyyət kimi yanaşılması Ermənistan təbliğatının ən zəif yerlərindən biridir. Təsadüfi deyildir ki, ermənilərin digər xalqlarla, xüsusilə türklər və yəhudilərlə identikləşdirilməsinə yönəldilən istənilən elmi təşəbbüs onlarda aqressiv reaksiya yaratmaqdadır. Hələ XIX əsrdə rusiyalı alimlər ermənilərin böyük hissəsində kəllə sümüyünün antropoloji baxımdan brasixeval tipə aid olmasını və bununla da onların dağ yəhudiləri ilə – cuhurlarla yaxınlığını sübuta yetirmişdilər. Həmin vaxt ermənilər bu qənaəti tamamilə normal qarşılamışdılar. Xatırladaq ki, «erməni tarixinin atası» adlandırılan M.Xorenatsi Saak Baqratunini (Pakratunini) «etnik hay» adlandıranlara da öz qəzəbini gizlədə bilmirdi. Salnaməçi yəhudi əsilli sponsoruna müraciətlə hiddətini belə ifadə etmişdi: «Bəziləri – insanlar arasında heç bir etibar sahibi olmayanlar həqiqətlə razılaşmır və deyirlər ki, guya sənin həşəmətli nəslin Haykdan (ermənilərin mifik əcdadından) gəlir. Bu barədə bildirirəm: Belə axmaq sözlərə inanmıram». M.Xorenatsi onu da yazır ki, «Ermənistanın ilk paytaxtı Vaqarşapatın» təməlini də məhz yəhudilər qoymuş və bu ərazidəki digər böyük sülalə – Amatunilər də yəhudi əsilli olmuşlar. X əsrdə yaşamış katalikos Ohanes Drasxanakertsi də Baqratunilər haqqında yazanda onları «yəhudi Şambatın, Davud nəslinin törəmələri» kimi təqdim etmiş, gürcü müəllifi Leonti Mroveli (XI əsr) «Kartlis tsxovreba» («Kartli hökmdarlarının həyatı») əsərində ermənilərin Babilistandan köç edib gəldiklərini bildirmişdi. Tövratın qədim şifahi variantı olan «Eyha Raba» toplusunda isə açıq şəkildə göstərilir ki, Babil hökmdarı Navuxodnosor Yəhuda da Birinci Məbədi dağıtdıqdan sonra əsir yəhudiləri şimala sürgün etmişdi.

Hazırda «ermənilərin etnoqrafik qrupu» kimi təqdim edilən, guya «erməni dilinin 250 (!) dialektindən birində danışan» zokların tarixi, dili və etnik mədəniyyəti haqqında müxtəlif fərziyyələr mövcuddur. Nikolay Marra görə, «zok» sözü «sak», «saka» etnoniminin təhrif edilmiş formasıdır və regionun köklü əhalisi ilə saka-skiflərin qaynayıb-qarışmasından hibrid etnoqrafik qrup kimi formalaşmışdır. Erməni etnoqrafları zokların arealını Naxçıvanın Əylis kəndi ilə məhdudlaşdırsalar da, onların vaxtilə «Qərbi Ermənistanın Qoxtan vilayətinin aborigen xristian sakinləri olduqlarını iddia etməkdədirlər». Qeyd edək ki, XX əsrin əvvəllərinədək «zok erməniləri»nin mövcudluğuna dair heç bir elmi məlumat olmamışdır. Ermənistan tarixçiləri isə öz iddialarını əsaslandırmaq üçün XIX əsrdə yaşamış rus etnoqrafı İvan Şopenin Naxçıvan qeydlərindən bir sitatı misal olaraq göstərirlər. Halbuki, həmin sitatda nə «zok», nə «erməni», nə də «xristian» kəlmələri işlədilmişdi. Bundan başqa, etnik kimliyini müəyyən edə bilmədiyi qrupun heç də Əylisdə deyil, Kilit kəndində məskunlaşdığını bildirmişdi. İ.Şopen bunları yazırdı: «Ordubad dairəsində tatar (Azərbaycan türkü) mənşəli olmayan, danışığı yerli dillərə bənzəməyən şiə inanclı bir nəsil də var. Onlar Kilit kəndində yaşayırlar. Ola bilsin ki, onlar talışlı (talış), tat, delaqard, tacik və ya gəbr mənşəlidirlər».

Yəhudi və bəzi erməni alimləri isə zokları «erməniləşdirilmiş yəhudilər» və ya «erməni yəhudilər» də adlandırırlar. Bu qənaət həqiqətə daha yaxındır. Lakin bircə fərqlə: zoklar da Naxçıvanın köklü sakinləri olmayıblar. Onlar XIX əsrin əvvəllərində, Türkmənçay və Gülüstan müqavilələrindən sonra Türkiyədən Naxçıvana köçürülmüş etnik yəhudilərin azsaylı etnoqrafik qrupu olaraq, hələ Anadoluda ikən ermənilərlə qaynayıb-qarışsalar da, iudaizmə inanclarını qoruyub-saxlaya bilmişlər. Məlumdur ki, Çar Rusiyası Azərbaycana köçürülmüş ermənilərə torpaq, mal-qara, kredit verilməsində böyük güzətlər etdiyi üçün erməniləşmiş zoklar əvvəlcə özlərini «qriqorian ermənilər» kimi təqdim etməyə başlamış və sonralar xristianlığı qəbul etmişlər…

Qeyd olunduğu kimi, erməni xalqı həm də etnik tərkibinə, mədəni xüsusiyyətlərinə görə yekcins deyildir. Bu xalqın mövcudluğunu saxlayan onun müxtəlif etnik qrupların kilsə ətrafında birgə formalaşdırdığı etnik-dini korporasiya olmasıdır. Tarixən müstəqil dövlətlərinin olmaması, başqa xalqlarla simbioz şəraitində yaşamaq məcburiyyəti, inanclarının isə digər xristian məzhəbləri tərəfindən batil elan edilməsi onlarda xroniki natamamlıq kompleksini yaratmış, optimal identiklik modeli axtarışının indiyədək davam etdirilməsi ilə nəticələnmişdir. Təklif və tövsiyələr çox olsa da, problem hələ də həllini tapa bilməmişdir. Səbəblərdən biri isə bu xalqın hazırkı etnik kimlik məsələsinin din (kilsə), qondarma «erməni soyqırımı», «Böyük Ermənistan» mifi ətrafında siyasiləşdirilməsi, ən nəhayət, islama və türklərə patoloji nifrət hissi üzərində köklənməsidir.

Erməni şairəsi, hələ SSRİ dönəmində türk düşmənçiliyini açıq şəkildə təbliğ edən Silva Kaputikyan müasir erməni kimliyinin əsasını təşkil edən bu amillərin vəhdətini saxlamaq, lakin əhəmiyyətlərinə görə yerlərini dəyişmək şərti ilə yeni model təklif etmişdi. Nifrət, natamamlıq kompleksi üzərində qurulmuş həmin formulda din – Rəbb və erməni kilsəsi arxa plana keçmiş, siyasi miflərə isə aparıcı yer verilmişdir: «Ey Aram (bütün ermənilərə müraciətlə), sənin düşmənin türkdür… Sənin üçün vətən Rəbbdən, kilsə vətəndən, Böyük Tiqran kilsədən, Böyük Ermənistan isə Böyük Tiqrandan vacib olmalıdır». S.Kaputikyan identiklik axtarışında novator «modelyer» olmamışdı. Hələ 1942-ci ildə «Razmik» erməni qəzeti ilk növbədə ermənilərin «gerçək vətəninin» müəyyən edilməsini və erməni kimliyinin bu anlayışa əsasən formalaşmasını vacib hesab edirdi: «Erməni vətənpərvərliyi mücərrəd xarakterlidir. Çoxları vətəni buludların arasında, mistik duman içərisində axtarır. O isə bizə yaxındır, diqqətə, sədaqətə və etiqada ehtiyacı var. Bu gün üç amili saxta vətənpərvərlikdən qorumalıyıq: erməni xaçını, erməni uşağını və erməni əlifbasını».

(Ardı var)


Müəllif: Səxavət Həmid