5 May 15:26
19 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Daxili İşlər Nazirliyinin Prezident Vladimir Zelenski, Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk və eks-prezident Petro Poroşenkonu axtarışa verməsi Moskvanın Ukraynada öz qanunlarını bərqərar etmək cəhdidir. Bu, "Maydan 3" əməliyyatı üçün informasiya zəmini hazırlığıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Amerikalı analitiklər bildirirlər ki, Kreml Ukraynaya qarşı səbəbsiz müharibəni olduğundan fərqli göstərməyə çalışır. Ekspertlər Rusiya Daxili İşlər Nazirliyinin Zelenski, Pavlyuk və Poroşenko, habelə Moskvanın axtarışa verdiyi əvvəlki Ukrayna rəsmilərinin ehtimal olunan cinayətlərini dəqiqləşdirməməsinə diqqət çəkiblər. Bura Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da daxildir.

Rusiyalı mənbə iddia edir ki, Zelenski haqqında həbs qərarı onun Rusiya ilə ekstradisiya müqaviləsi olan ölkələrə getməsinə imkan verməyəcək.

ISW rəsmi Kiyevin Moskvanın Zelenskinin prezidentliyinin legitimliyinə ukraynalılar arasında şübhələr yaratmaq məqsədi daşıyan “Maydan 3” adlı informasiya əməliyyatını gücləndirdiyinə dair xəbərdarlıqlarını da xatırladıb. Analitiklər hesab edirlər ki, proses mayın sonunda pik nöqtəsinə çatacaq.

“Kremlin Zelenski, Pavlyuk və Poroşenkonu axtarışa vermək qərarı, çox güman ki, Rusiyanın “Maydan 3” informasiya əməliyyatı və Kremlin 2014-cü ildə "Avromaydan"dan sonra hakimiyyətə gələn hazırkı və əvvəlki qərbyönlü Ukrayna hökumətlərini nüfuzdan salmaq cəhdlərinin bir hissəsidir. Bu, eləcə də Ukraynanın diplomatik təcrid edilməsi məqsədi daşıyır”, - məqalədə qeyd olunur.

İnstitut əlavə edir ki, bu, həm də Rusiyanın suveren Avropa və postsovet ölkələrində öz qanunlarını tətbiq etmək səylərinin bir hissəsidir. Rusiya Daxili İşlər Nazirliyi bundan əvvəl Estoniya, Latviya və Litvanın bir neçə məmurunu Rusiya qanunlarını pozmaqda ittiham edərək, axtarışa vermişdi. ISW-nin fikrincə, bu addımlar Rusiyanın NATO üzvü olan ölkələrə qarşı gələcək təcavüzünə haqq qazandıran informasiya zəmininin yaradılmasına yönəlib.


Müəllif: Mənsur Rəğbətoğlu