Fransanın Baş naziri Eduar Filip yanacağın qiymətinin artırılmasına moratorium tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Frans Press agentliyi mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, baş nazir bu barədə qərarı səhər saatlarında İrəli Respublika Partiyasının deputatları qarşısında elan etməyə hazırlaşır.
Moratoriumun bir neçə ay qüvvədə qalacağı və digər uzlaşma tədbirləri ilə birgə müşayiət olunacağı bildirilir.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Qiymət artımına qarşı hərəkat “sarı jiletlilər” adlandırılıb.
Xatırladaq ki, Fransa Prezidenti Emanuel Makron Baş nazir Eduar Filipi yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyaları keçirən “sarı jiletlilər”in nümayəndələri və müxalifət partiyalarının liderləri ilə görüşməsi üçün təlimatlandırmışdı.
BFMTV telekanalı “sarı jiletlilər”in problemin həlli yollarının müzakirəsi üçün Eduar Filiplə görüşdən imtina etdiyi barədə məlumat yayıb.