18 Avqust 10:50
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinə müxalif fikirləri ilə tanınan Latviya əsilli iş adamı Den Rapoportun müəmmalı ölümü beynəlxalq medianın gündəminə çevrilib.

Teleqraf.com xəbər verir ki, Rusiya mətbuatı latviyalı iş adamının meyitinin ABŞ-ın paytaxtı Vaşinqtonda tapıldığını yazıb.

Məlumata görə, 52 yaşlı Rapoport külli miqdarda pul və intihar məktubu ilə birlikdə parkda ölü tapılıb. Amma Rapoportun həyat yoldaşı Alyona intihar xəbərini təkzib edib, mərhumun üzərində hər hansı məktubun tapılmadığını deyib. Alyona həyat yoldaşının şübhəli ölümü ilə bağlı istintaq başlandığını açıqlayıb.

Rapoport 2012-ci ildə Rusiyada anti-Putin etirazlarından sonra ABŞ-a köçüb və 2016-cı ilə qədər orada yaşayıb. 2016-cı ildə Kiyevə köçmək qərarına gələn Rapoport ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərdə qalib gəldikdən sonra Vaşinqtondakı evini onun qızı İvanka və həyat yoldaşı Jared Kuşnerə satıb.

Rapoport həm də ukraynayönlü və həbsdə olan Rusiya müxalifətinin lideri Aleksey Navalnının tərəfdarı kimi tanınırdı.


Müəllif: Mənsur Rəğbətoğlu