ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın komandası İsrailin dostu, Çin və İranın düşmənidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov söyləyib.
O, ABŞ-ın yeni liderinin mümkün xarici siyasətinə diqqət çəkərək deyib:
“Tramp artıq komandasının tərkibini açıqlayıb. Yeni administrasiyada müdafiə naziri, dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri və ABŞ-ın İsraildəki yeni səfiri postları xüsusi maraq doğurur. ABŞ-ın İsraildəki səfiri ilk dəfə olaraq yəhudi yox, Arkanzas ştatının keçmiş qubernatoru, ABŞ prezidentliyinə iki dəfə namizəd olmuş Mayk Hakabi olacaq. Hakabi Fələstin dövlətinə qarşı çıxan, İsrail tərəfdarı olan yevangelistdir.
Trampın yeni komandasının digər üzvlərinə gəlincə, yeni seçilmiş prezidentin müdafiə naziri kimi görmək istədiyi şəxs keçmiş hərbçi və televiziya şərhçisi 44 yaşlı Piter Brayan Heqsetidir. Dövlət katibi postunu 53 yaşlı senator Marko Rubio, prezidentin milli təhlükəsizlik müşaviri vəzifəsini isə 50 yaşlı konqresmen Mayk Vals tutacaq. Bu fiqurları birləşdirən ən mühüm xüsusiyyət qatı mühafizəkarlıqdır.
Müdafiə naziri postuna namizəd Haqesti İraq və Əfqanıstan da daxil olmaqla, 34 il orduda xidmət edib, son 10 ilini FOX TV-də şərhçi kimi keçirib. ABŞ analitiklərinin fikrincə, onun Pentaqona rəhbərlik etmək üçün kifayət qədər təcrübəsi yoxdur, amma Trampa sadiqdir, buna görə də sonuncu onun vasitəsilə orduda ciddi dəyişikliklər edəcək. Yəni müdafiə naziri prezidentin tapşırıqlarını həyata keçirəcək”.
Rubioya gəlincə, Zaur Məmmədov vurğulayıb ki, gələcək dövlət katibi Çin və İrana qarşı sərt mövqeyi ilə tanınır:
“Rubio Çin şirkətlərinə vergilərin artırılmasına çağırıb və Yaxın Şərqdəki problemlərə görə İranı günahlandırıb.
Polkovnik Vals 25 ildən çox ABŞ ordusunda xidmət edib və elit “Yaşıl beretlilər” qüvvələrinin zabiti kimi Yaxın Şərq və Əfqanıstandakı əməliyyatlarda iştirak edib. Vals həm də İran və Çinlə bağlı sərt fikirləri ilə tanınır. Onun təyinatı artıq İsraildə mühafizəkarlar tərəfindən müsbət qarşılanıb.
Görünən budur ki, Trampın xarici siyasətindəki radikal xətt hələlik qalacaq. Xüsusilə deyə bilərik ki, İran və Çinlə bağlı siyasət dəyişməyəcək və münasibətlər gərgin olaraq davam edəcək”.