11:56
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni Prezidenti Donald Trampın adminsitrasiyasında üstünlük verdiyi kadrlar onun gələcək siyasətindən xəbər verir. Birincisi, administrasiya ABŞ-a miqrant axınının qarşısını almağa və ölkədə qeyri-qanuni məskunlaşanları geri qaytarmağa çalışacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri hesab edirlər ki, bu məqsədlə Meksika ilə sərhəddə nəzarət tədbirləri gücləndiriləcək:

“İkincisi, administrasiya Rusiya-Ukrayna müharibəsinin sona çatdırılmasını hədəfləyəcək. Trampın ətrafındakı şəxslər açıqlamalar verərək, müharibənin dayandırılması və müzakirələrin başlaması zərurətini bildiriblər. Bunun Ukraynanın ərazi itkisi hesabına başa gəlib-gəlməyəcəyi mübahisə predmetidir. Üçüncüsü, Tramp birinci prezidentlik dövründə olduğu kimi, Çinlə iqtisadi mübarizəni davam etdirəcək. Co Bayden adminsitrasiyası da bu siyasətə üstünlük verirdi.

Trampın müxtəlif vəzifələrə irəli sürdüyü kadrların mütləq əksəriyyəti Çinə qarşı sərt siyasətin tərəfdarıdırlar. Bu o deməkdir ki, Vaşinqton Çinlə müxtəlif sahələrdə mübarizəsini davam etdirəcək. Brüssel Vaşinqton qədər Çinə qarşı sərt siyasət yürütməsə də, Pekinin Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstəkdən narahatdır. Avropa İttifaqının xarici siyasət xidmətinin gələcək rəhbəri Kaya Kallas Çini Aİ-nin “sistemli düşməni” adlandırıb. Kallas Çinin Rusiyaya verdiyi dəstəyə görə məsuliyyət daşıdığını deyib. Aİ rəsmisinin fikrincə, Çinin dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməzdi. Beləliklə, Pekin həm Vaşinqton, həm də Brüssellə sərt mübarizəyə hazırlaşmalıdır”.

“Atlas” qeyd edir ki, Trampın qələbəsindən sonrakı günlərdə Çinin milli valyutası yuan ucuzlaşmağa başlayıb: “Yuanın ucuzlaşması qlobal investorlara mənfi siqnal göndərə bilər ki, bu ciddi əmlak böhranı ilə mübarizə aparan Çinə əlavə problemlər yaradacaq”.

Həmçinin mərkəzin araşdırmalarına görə, Trampın Ağ Evə qayıdışı Çinin elektrikli avtomobil istehsalçılarını daha çox tariflərlə üzləşəcəyindən xəbər verir:

“Trampın ABŞ istehsalçılarını qorumaq məqsədilə Çin avtomobillərinin Amerika bazarına girişini daha da çətinləşdirəcək.

Tramp birinci prezidentlik müddətində Pekinlə ticarət kəsirini aradan qaldırmaq və Çinin daha çox Amerika məhsulu almağa razılaşmasından sonra bu ölkə ilə müqavilə bağlamışdı. Ancaq həmin müqavilə iki ölkə arasında iqtisadi problemləri həll edə bilmədi. Tramp bu dəfə də Çin lideri Si Cinpinə yeni müqavilə imzalamağı təklif edə bilər. Ancaq yeni müqavilənin də, iki ölkə arasındakı problemləri həll edəcəyini söyləmək çətindir.

Həmçinin Trampın Tayvana dəstək məsələsində də pis xəbər var. ABŞ-ın yeni lideri Tayvanı öz müdafiə qabiliyyətini maliyyələşdirməyə çağıracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər