Amerikalı milyarder İlon Mask Nyu-Yorkda İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşərək, Vaşinqton və Tehran arasında gərginliyin azaldılması yollarını müzakirə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” adı açıqlanmayan iki İran rəsmisinə istinadla yazıb.
Nəşrin məlumatına görə, Mask və İrəvani həftənin əvvəlində görüşüb, aralarındakı söhbət İran və ABŞ arasında gərginliyin azaldılmasına yönəlib.
Qəzetin mənbələrinə görə, milyarderlə İranın daimi nümayəndəsinin gizli məkanda görüşü bir saatdan çox davam edib: “Bu, Maskın təşəbbüsü ilə baş tutub, məkanı İrəvani seçib".
NYT-nin həmsöhbətləri görüşü “müsbət və yaxşı xəbər” kimi qiymətləndiriblər.
Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan eləmişdi ki, Mask keçmiş prezidentliyə namizəd və sahibkar Vivek Ramasvami ilə birlikdə yeni Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edəcək.