Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistana beynəlxalq təzyiq artırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı oldu. Telefon görüşündə Ermənistan-Azərbaycan danışıqlarının yekunu olaraq, Cənubi Qafqazda ədalətli və sabit sülhün əldə edilməsi məsələləri müzakirə olunub. Paralel olaraq, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan edib ki, İrəvan və Bakı dekabrda sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaq. Bu, sülh prosesinin yeni raundundan xəbər verir. Çox güman ki, hər tərəfdən İrəvana təzyiqlər güclənəcək”, - təhlildə belə deyilir.
Məqalədə vurğulanır ki, Blinkenlə Fidanın telefon danışığının gündəmində sülh müqaviləsinin ən qısa vaxtda imzalanması (ABŞ tələsir) və ya prosesin intensivləşdirilməsinin vacibliyi olub:
“Həmçinin İrəvan Azərbaycanla sülh müqaviləsi və kommunikasiyaların açılması ilə bağlı nikbin bəyanatlar verir. Bu da Türkiyə-Azərbaycan tandeminin gündəliyində olan Sünikdən (Zəngəzur) keçən dəhlizdən başqa bir şey deyil.
Baş nazir Paşinyan Kazanda Prezident Əliyevlə isti müzakirə apardığını gizlətmir. O bir az da irəli gedərək bəyan edir ki, Ermənistan və Azərbaycan dinc yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi yox, həm də strateji saziş bağlamalıdır. Onun fikrincə, iki ölkə bu düsturla əsrlərlə yanaşı yaşaya bilər.
Əslində, Paşinyan Azərbaycana çoxdan gözlənilən dəhlizi vəd edir və bəyan edir ki, regional kommunikasiyalar məsələsində qarşılıqlı məqbul həll yolu tapmağa yaxınıq. Bu təklif artıq yazılı şəkildə Azərbaycana çatdırılıb. Mirzoyan da dəmir yolunun işə salınması ilə bağlı Ermənistanla Azərbaycan arasında sıx danışıqların getdiyini bildirib”.
Erməni nəşrinə görə, Blinken-Fidan görüşünün əsas mövzularından biri də Zəngəzur dəhlizi olub: “Artıq ABŞ Rusiya və İrandan keçən dəhlizdə maraqlı olduğunu açıqlayıb. Başqa sözlə, Rusiyanın son günlər prosesin yeni raundundan keçirdiyi narahatlığının nə ilə bağlı olduğu üzə çıxır. Dekabrdan başlayaraq danışıqlar bundan gedəcək”.