ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin nəqliyyat naziri vəzifəsinə Uber-in biznesin inkişafı üzrə keçmiş direktoru Emil Mayklın namizədliyini nəzərdən keçirir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ Nümayəndələr Palatasının üzvləri Sem Qreyvs (Missuri ştatından) və Qarret Qreyvs (Luiziana ştatından) da bu vəzifəyə namizəd ola bilərlər.
Bundan əlavə, hazırda Fox News kanalında aparıcı kimi çalışan Viskonsin ştatından keçmiş konqresmen Şon Daffi də nəqliyyat naziri vəzifəsinə namizəd kimi mübarizə aparır.
Emil Maykl 1972-ci ildə Qahirədə anadan olub. Onun valideynləri ilə birlikdə ABŞ-a köçdüyü, Harvard və Stenford universitetlərində təhsil aldığı məlumdur.
2013-cü ildə həmin şəxs onlayn taksi çağırış xidmətləri göstərən Amerikanın Uber şirkətində işləməyə başlayıb. 2017-ci ildə Maykl bir sıra qalmaqallar fonunda şirkəti tərk etdi.