ABŞ, Böyük Britaniya, İsveçrə və Fransadan olan beynəlxalq alimlər qrupu 2014-cü ildən bəri Yerdəki şirin suyun ümumi miqdarının kəskin şəkildə azaldığını aşkar edib. Bu, planetin sabit quru fazaya keçməsini göstərərir.
Teleqraf.com xəbər verir ki, tədqiqat Surveys in Geophysics (SIG) elmi jurnalında dərc olunub.
Ekspertlərin qənaətləri 2015-ci ildən 2023-cü ilə qədər olan orbital müşahidə məlumatlarına əsaslanır. NASA-nın əldə etdiyi məlumatların təhlili göstərib ki, çaylar, göllər və yeraltı bulaqlar da daxil olmaqla şirin suyun orta həcmi 2002-ci ildən 2014-cü ilə qədər olan dövrlə müqayisədə 1200 kub kilometr az olub.
Tədqiqatda bildirilir ki, qlobal şirin su ehtiyatlarının azalması Braziliyanın şimalında və mərkəzi hissəsində geniş yayılmış quraqlıq ilə başlayıb, daha sonra Asiya və Avstraliya, Cənubi Amerika, Şimali Amerika, Avropa və Afrikada bir sıra böyük quraqlıqlar baş verib.
İllik ümumi yağıntı və qarın miqdarı kəskin şəkildə dəyişməsə də, intensiv yağıntı hadisələri arasındakı uzun müddətlər torpağın qurumasına və sıxlaşmasına imkan verir. Bu, yağış zamanı torpağın udduğu suyun miqdarını azaldır.