Teleqraf.com yazıçı-ssenarist Əyyub Qiyasla müsahibəni təqdim edir.
– Əyyub bəy, siz həm nasirsiniz, həm tərcüməçi, həm dramaturq, həm şair və s. Necə bilirsiniz, bunların hamısında özünüzü təsdiq etmisinizmi?
– Yox, mən elə deməzdim. Mən şeir yazıram, amma şair deyiləm. Şeir mənim xobbimdir, az-az uydururam yeri gələndə... Amma nasirəm və özümü kifayət qədər təsdiq eləmişəm. Dramaturqam, çünki ixtisasım kino dramaturgiyadır. Cəmi üç pyes yazmışam, baxanlar, görənlər hələ də haqqında danışırlar. Tərcüməçilik isə dolanışıq işidir...
– Yəni?
– Mən yaxşı tərcüməçiyəm. Vicdanlı tərcüməçiyəm. Həm də tərcüməçi olmaq üçün mütləq yazıçı, şair olmaq lazımdır. Çünki tərcümə işi başqa dildə yazan bir yazının sənin ana dilində ifadəsidir. Bunun ən yaxşısını yazıçılar bacarar. Umberto Eko deyir ki, italyan dilini gözəl bilən tərcüməçi məni o qədər də cəlb etmir, mənim üçün maraqlı tərcüməçi öz ana dilini gözəl bilən tərcüməçidir. Bu, çox vacib faktordu tərcümə işində. İndi çoxu ingilisi, almanı, fransızı, türkü, rusu gözəl bilir, amma ana dilində cümlə qura bilmir və tərcümə edir.
– Həm də redaktorsunuz, elə?
– Bəli, mən həm də yaxşı redaktoram. Son illər ərzində çox zibildən ədəbi material düzəltmişəm, beləcə çox adamı babat tərcüməçi elmişəm.
– Bəs belə bir tərcüməçi, belə redaktor nə üçün Tərcümə Mərkəzindəki işindən ayrıldı? Nə baş verdi ki?
– Məni Tərcümə Mərkəzinə beş dəqiqənin içində Afaq xanım işə götürmüşdü. Sonra elə oldu ki, orada ciddi dəyişikliklər oldu və ən sonda işə girənlərdən biri kimi də qanuni olaraq ilk mən ixtisara düşdüm. Məsələ bu qədər bəsitdir. Hörmətlə girmişdim işə, hörmətlə də çıxdım.
– Bu qədər tərcümələr edirsiniz, ssenarilər yazırsınız. Həm də deyirsiniz ki, mən yaxşı tərcüməçiyəm. Bəs bu işlərin kəmiyyətcə çoxluğu onun kefiyyətini şübhə altında qoymurmu?
– Sən özün ciddi yazıçısan, bunu bilirsən. Hər dəfə adam istədiyini yaza bilmir. Tərcümə də elədir. Əla, yaxşı və pis tərcümələr olur. Şükür ki, pis tərcüməm yoxdur. Çünki çox ciddi tərcümələrimə görə çox ciddi adamlardan və oxuculardan yaxşı fikirlər eşitmişəm. Həm də indi bizim elə vaxtımzdır ki, nəyin yaxşı, nəyin pis olduğunu özümüz hər kəsdən gözəl bilirik. Məsələn, Bekketin seçilmiş əsərləri... Mən təxminən, 25 il işləmişəm Bekketlə. Əla alındı. Elə Doktor Jivaqo! İlk dəfə Moskvadan gətirdim onu, 1992 ci ildə. Elə o vaxtdan tərcümə barədə fikirləşdim. "Ədəbiyyat qəzeti”ndə gedən nobelçilərin demək olar ki, çoxu yaxşı alınıb.
– Bildiyimizə görə siz həbsxanada da olmusunuz. Orda xeyli əsərlər də yazmısınız. Həbsxana yazıb-yaratmaq üçün necə bir mühitdir?
– Mən həbsxanda iki roman, 5-6 hekayə, onarla şeir, bir dram əsəri, iki ssenari yazdım. Rəis Fikrət müəllim xətrimi çox istəyirdi, yazılarımı, kitablarımı oxuyurdu. Mənə yazmaq üçün yaxşı şərait də yaratmışdı. Oturub yazırdım və bu həm də mənə vaxt keçirməyə kömək edirdi.
Marqalı bir şey danışım sənə. Demək, "Köpək bürcü"nü yazırdım. Yaxın dustaq uşaqlar vardı, romanı oxumağımı xahiş elədilər. Mənsə hələ bitirməmişdim, təzə başlamışdım. Gündüzlər kitabxanada oturub roman yazırdım, axşam "odboy"dan sonra 35-40 nəfər başıma yığışıb romana qulaq asırdı. Bir gün təzə hissə yazmayanda uşaqlar dilxor olurdular. O roman çox uzun alınmışdı, sonra xeyli ixtisar elədim. Roman çap olunandan sonra o uşaqlardan hələ içəridə olanlar vardı, xeyli kitab göndərdim onlara. Zəng vurub təşəkkür elədilər.
– Sirr deyilsə, nə üçün həbs olunmuşdunuz?
– Vergidən yayınmşdım. Guya ciddi bizneslə məşğul olmaq istəyirdim, amma alındıra bilmədim. Bizim biznes aləminin öz qanunları var. Mən isə o qanunara "əməl" etməmişdim. Əslində, bir yazıçı kimi buna təəssüflənmirəm. Çünki çox şey öyrətdi mənə həbsxana. Lap çox şey. Sənə br şey də deyim. Sonra məni həbs edən prokuror da, hakim də mənimlə dostlaşdı.
– Yazıçı hara, biznes hara? Niyə belə bir şey ağlınıza gəldi ki?
– Qəzet satışı biznesim vardı, mənə yaxın bir şey idi. Sonra o köşklərdə əlavə mallar satmağa başaldıq və bu məsələ böyüdü. Vəziyyətim pis deyildi, yaxın qələm yoldaşlarımıza da əl tuta bilirdim. Kitablarının çapına, cibxərcliklərinə... Nəyi pisdir ki? Həm də adam gərək br iş görsün də... Guya mən də iş görürdüm. (gülür)
– Neçə il həbsdə qaldınız?
– İki il səkkiz ay... Həbsxanada çox adam köməyimə çatıb. Xətrimi çox istəyirdi dustaq yoldaşlarım. Hamı mənə şair deyirdi, başıma and içirdilər. Rəşad Məcid, Elçin Hüseynbəyli, İntiqam Qasımsadə, Səlim Babullaoğlu, Əsəd Cahangir məni orada ola-ola çap edirdi, qonorar göndərirdilər mənə. Unutmaram bunu heç vaxt.
– Əyyub bəy, ssenarilər də yazırsınız. Normal qonorar ala bilirsinizmi?
– Mən ən yaxşı qonorarımı Speys TV-dən aldım. Sonra da ATV də Rövşən İsaxla işləyəndə o da mənim qonorar stavkama toxunmadı. Sonra o pulu verən olamdı və mən də yazmadım. Eşitdim ki, daha ucuza yazanlar tapılıb...
– Daha yazmırsınız ssenari?
– Serial üçün yox. Son vaxtlar isə qəsametrajlı bəii film ssenariləri yazmışam bir neçə dənə. Çünki serialda tələblər dəyişdi. Bir-iki normal serail çəkən qalıb meydanda, qalan əksəriyyəti həvəsakarlardır.
– Niyə uğur qazana bilmir çəkilən filmlər? Səbəb nədir? Bildiyimizə görə, yaxşı pul da ayrılır.
– Deməzdim ki, filmlər uğur qazana bilmir. Amma bizim dediyimiz yaxşı pul film çəkmək üçün nəzərdə tutulan pul deyil. Biz bir milyon büdcəyə çəkdiyimiz filmi amerikanlar azından 35-40 milyon büdcə ilə çəkirlər. Türklər də təxminən elə. Bizdə də dövlət filmlərə pul ayırır və sifarişçi dövlətdirsə, orada müəyyən tələblər, şərtlər olur. Amma bizdə prodüser məktəbi işləmədi. Bizdə filmə pul verməyə ürək edən adamlar yoxdur. Film pul tələb edən və qazanc gətirən sahədir. Bunun üçün isə bir neçə il lazımdır. Bizim iş adamları qoyduğu pulu 3-4 aya geri almaq və qazanc da istəyir. Problem budur. Amma deyim ki, son illər yaxşı filmlər çəkilib. Elə birini dünən Xəzər TV göstərdi, Elxan Cəfərovun "Yarımçıq xatirələr" filmi. Çox uğurlu və fəxr ediləsi filmdir. Yaxud, Elçin Musaoğlunun “Nabat” filmi də uğurludur. Filmlərimiz beynəlxalq kino festivallara da gedir. Yaxşı da qarşılanır. Amma hələ ki, o deyil. Buna zaman lazımdır, təhsil lazımdır, təcrübə lazımdır, ən başlıcası isə maliyyə lazımdır.
Kommersiya filmləri, yüngül komediyalar çəkilir. Uşaqlar işləyir, 3-5 manat qazanır, bu da çox yaxşıdır. Amma elə şərait elə olmalıdır ki, yaxşı filmlər də çəkilsin, lap yaxşı filmlər də. Tamaşaçı kinoteatra ayaq açmağı öyrənməlidir, ilk növədə buna nail olmaq lazımdır. Kinonun ilk gəlir mənbəyi prokatdır. Yəni satış, tamaşaçı...
– Əyyub bəy, ədəbiyyatda hansı bütlərin dağıdılmasını istərdiniz?
– Mənim üçün ədəbiyyatda büt yoxdur. Sadəcə, çox istərdim ki, adamlar özlərinə hörmət qoysunlar. Ən çox sevdiyim yazarlar belə məmurlaşaraq, paslanaraq, qocalaraq dəyərlərini itirdilər mənim üçün. Çox istərdim ki, Yazıçılar Birliyi gəncləşsin. Məsələn, Anar müəllim fəxri sədr kimi qalsın, amma yerini gənclərə versin. Məncə, belə daha hörmətli olar. Bu fikirlər Fikrət Qoca və eləcə də bütün yaşlı yazarlara aiddir. Çünki cəmiyyət bütün sahələrdə gəncləşir. Bu qədər cavan nazirlər, rəhbər işçilər var, bircə Yazıçılar Birliyi dəyişmir ki, dəyişmir.
– Deyirsiniz ki, mənim üçün büt yoxdur. Ramiz Rövşənə vurğunluğunuz deməyə əsas vermirmi ki, o, sizin üçün bütdür?
– Yox, büt deyil, sadəcə, Ramiz Rövşən sevdiyim şairdir. Vaqif Səmədloğlu qədər, Vaqif Bayatlı qədər sevdiyim şair. Amma Ramiz Rövşəni həm də şəxsən tanıyıb çox istəyirəm. Onu 1987-ci ildən kinostudiyadan tanıyıram və hörmət edirəm. Adam şairdir.
– Sizin klassik bir kişi imiciniz var. Ədəb-ərkan, böyük-kiçik yeri bilən və s. Sizə elə gəlmirmi ki, yazıçı üçün belə bir obrazın dağıdılması vacib bir məsələdir?
– Mən də belə yazıçıyam... Bilrisən, adam gərək mərd olsun. Mən dostluğa sadiq adamam. Yazıçılıq mətnlə dəyərləndirilir. Mətn varsa, yazıçı var. Qalanı şəxsidir, fərdidir. Yazıçı olmamaq da olar, amma adam gərək kişi olsun.
– Deyirsiniz, yazıçı olmamaq da olar, amma adam gərək kişi olsun... Kişi olmamaq olmazmı?
– Kişi olmaq ağır söhbətdir. Həm də mən həbsxana görmüş yazıçıyam. Bu da mənim xarakterimə təsir edib. Mənim yanaşmama görə, kişi cinsində doğulan adam gərək kişi olsun. Mən həyatın, demək olar, hər üzünü görmüşəm və görməkdə davam edirəm. Amma özümü unutmuram...
– Yenidən həbsxanadan söz düşdü... Orda əlaqələriniz olan avtoritetlər vardımı?
– Əlbəttə...
– Mümkünsə, bu barədə danışardınız... Maraqlıdır.
– Ad çəkmək istmirəm, o, tamam başqa bir mövzudur. Amma həbsxananın qanunlarına görə, hər şey mujikin yaxşılığı üçündür. Çünki həbsxanada çoxluğu mujiklər təşkil edir. Avtoritet də mujikə hörmət qoyur. Sağ olsun, məni eşdiblər, hörmətimi saxlayblar... Bəzən məsləhət veriblər, bəzən də məsləhət alıblar, müdafiə ediblər...
Mən "kars"da 36 gün olmuşam, PKT-də ay yarım. Çıxanda dustaqlar məni qəhrəman kimi qarşıladılar. Çünki bir əməliyyat rəisi vardı, onunla yola getmirdim.
Əclaf adam idi, barışa bilmirdim. Amma adam gərək elə yaşamasın. Çıxandan sonra onunla təsadüfən diş həkimində qarşılaşdıq. Həkim də mənim dostum idi. Həmin əməliyyat rəisi məni görəndə ölüb, ölümdən qayıtdı. Çünki dustaqların içində söyüşün bütün mərtəbələrini söymüşdüm ona. Başını aşağı salıb əl uzatdı. Salam vermədim. Başımı bulayıb güldüm. Dedim ki, öl, yerə gir də...
– Əməliyyat rəisi ilə niyə yola getmirdiniz? Nə etmişdi? Nə üçün onu söymüşdünüz?
- Mən təmizkar idim. Bayırdakı kimi cins şalvar geyirdim. Rəis göz yumurdu ki, şairdi, yola verin. Ağ köynk geyirdim, hamama, sançasta, ayaqyoluna gedirdim.
Bu adam isə pul almaq üçün mane olurdu. Mən də acığa vermirdim. Sonra pul verdim. Yenə dustaqların içində məni acıladı. Mən də layiqli cavabını verdim. Əslində, mən rejim qaydalarını pozurdum, amma onu pozan tək mən deyildim. Bütün pullular pozurdular, rəis də demişdi ki, şairə də hörmət edin. Və hörmət edinlər də vardı. Biri məni "kars"a salanda söyüş qoymuşdu ki, mən bayıra çıxsam, əyninə yubka geyinəcək. Mən çıxdım, amma o yubka geymədi. İndi özün fikirləş də... (gülür)
– "Sonuncu büt" romanınızı oxumamışam, amma bildiyimə görə, əsər avtoritetlərin həyatından bəhs edir...
– Bəli... Çoxqatlı romadır.
– Belə bir mövzuda əsər yazmaq hansı ehtiyacdan yarandı?
– Mən gözümü açdığım məhəllədə uşaqalıqdan tanıdığım bir avtoritet vardı, məndən 4 yaş böyük idi. O 13 yaşından həbsxanaya düşmüdü, gözümün qabağında böyüyən adam idi. Con Elman ləqəbli avtoritet. Allah rəhmət eləsin. Sonra həbsxanada olanda onun haqqında çoxlu maraqlı şeylər eştdim və elə tam tanıdığım birindən yazmaq istədim. Yaxşı da alındı... Prototip kimi onu götürdüm və başqa əlavələrimi də eləyib yazdım. Amma Allah nəsib eləsə, bu mövzuda daha maraqlı bir şey fikirləşirəm...
– Avroritetlərin həyat tərzini təbliğ etmək, onu kitab şəklində yaddaşlara həkk etməyi bir qələm adamı, ziyalı kimi doğru hgesab edirsinizmi? Doğrudanmı hansısa bir avtoritet haqqında əsər yazılacaq səviyyədə ideallaşdırılmalıdır?
– Əksinə, təbliğ etmək yox, reallığı göstərmək lazımdır. Heç kəs həbsdən sığortalanmayıb. Mən yatsam, yuxuma da girməzdi ki, həbs oluna bilərəm.
Amma oldu. Yazıçı kimi buna aydınlıq gətrimək lazımdır. Belə şeylərə gənclərin marağı böyükdür, amma kortəbii. Gerçəyi bilmir çoxu. Həbsxana ağır yerdir. Çox ağır yerdir. Adicə bir səhv, bir yanlış söz adamı məhv edər.
Mənim qəhrəmanım yaxşı oğlandır. Vətənpərvərdir. Haqq tərəfdarıdır. Ümuniyyəltə, gerçək oğru dünyası haqq tərəfdarıdır. Amma söhbət dörd divar arasındakı dünaynın haqqından gedir.
– Əyyub bəy, hazırda nə işlə məşğulsunuz? Yeni əsər yazırsınız?
– İndi əlimdə təzə roman var. Onu bitirməyə çalışıram. "Tənha qadın üçün serenada"nı bitirdim. Bir parçası tanıtım üçün mətbuatda getdi. İndi də növbəti romanımı işləyirəm. Tərcümələr, redaktələr və s.
– İndi bizdə seraiallar çəkilir. "Vicdan haqqı", "Ögey ana", "Laləli saray" və s. Ailəniz bu seraiallara baxırmı? Eləcə də özünüz...
– Deyə bilmərəm hamısına baxrlar, ya yox. Arabir “Vicdan haqqı”na baxdıqlarını görürəm...
– Bu serialların səviyyəsi sizi qane edirmi?
– “Vicdan haqqı” mükəmməl serialdır. Çünki Rövşənin işini bilirəm. O biriləri məndə qıcıq yaradır. Baxmq istəmişəm, amma ağzlarını açan kimi falş hiss edirəm. Ona görə də səbrim çatmır. Ədəbiyyat da belədir, kitabı açırsan, adamı aparır. Kitab da var ki, açırsan, adamı hirsləndirir, yalan olduğunu, uydurma olduğunu, səmimi olmadığını hiss edirsən.
– Maraqlıdır, əlinizdə imkan olsaydı, Azərbayccan ədəbi mühitində hansı islahatları aparardınız?
– İmkanım olsaydı, ədəbiyyata stimul verən düzgün müsabiqələr keçirərdim. Bir vaxt bir nağıl müsabiqəsi keçirtdik, nə qədər adama stimul verdik. 20-yə yaxın təzə nağıl yarandı, çap olundu. Adamlar gerçəkdən yarışarkən bütün imkanlarını səfərbər edirlər, o zaman kim hara qədərdir dəqiq bilinir. Bu müsabiqələr həm də bizim ədəbiyyatın səviyyəsini təyin edərdi mənim üçün.
– Yaxınlarda ananız dünyasını dəyişdi... Sizin az yaşınız yoxdur, amma sosial şəbəkədə ananızı uşaq kimi ağlayırdınız...
– Kəramət, yaman yerimdən vurdun... Başqalarını deyə bilmərəm, bilmirəm kim anasına görə necə yanır, amma mən təkcə anamı itirmədim. Mən göz açıb onu gördüm, atam o oldu, qardaşım o oldu, bacım o oldu, ilk dostum o oldu, sirdaşım o oldu... Və bu qədər adamımı bir gündə itirdim mən...