24 Aprel 2018 09:00
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsinin səbəblərini 3 əsas qrupa bölmək olar.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru, siyasi analitik Nazim Cəfərsoy deyib.

O qeyd edib ki, bunlardan birincisi iqtisadi səbəblərdir:

“Mən bu sahənin mütəxəssisi deyiləm, amma həm hökumətdaxili, həm müxalifət, həm də beynəlxalq qurumların yanaşmalarını ümumiləşdirəndə ortaya belə bir mənzərə çıxır ki, iqtisadiyyatda getdikcə artan problemlər var. Bu problemlər özünü azalmayan işsizlik, azalmayan faizlər, artan valyuta qiymətləri, gizli inflyasiya, artan vergilər, xarici investisiyanın yetərsiz qalması, böyük yerli şirkətlərin ödəyə bilmədiyi borclar kimi özünü göstərməkdədir. Bu məqamlar 2019-cu ilin iqtisadi baxımdan daha çətin və iqtidar üçün daha çox siyasi çatışmazlığa yol açacaq il kimi keçəcəyi görüntüsü yaradır. Problemləri həll etmək ücün bəzi addımlar atılsa da, görünür, daha sərt tədbirlərə ehtiyac var imiş. Seçki ərəfəsində heç bir hökumət siyasi riskə getmək istəməzdi. Problemlər də gözləmədiyi üçün iqtidar seçkini tezləşdirib, sonra da sərt iqtisadi tədbirlər görmək niyyəti ilə bu addımı atmış ola bilər”.

N.Cəfərsoy qeyd edib ki, ikinci qrupa siyasi səbəblər daxildir:

“Bu qrupda 3 əsas səbəb saymaq olar. Əvvəla, növbədənkənar seçki müxalifətin, xüsusilə də İyi Partiyanın seçkilərə daha yaxşı hazırlaşmasına imkan verməmək niyyəti daşıyır. Düzdür, seçkiyə hazırlaşmağa başda AKP olmaqla hamının ehtiyacı var. Ancaq nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilər üçün ən hazır partiya iqtidar partiyasıdır. İkincisi, seçki prosesinin normal vaxtında keçirilməsi AKP ilə MHP arasında başda bələdiyyə seçkiləri olmaqla müxtəlif problemlərin aktuallaşmasına səbəb olacaqdı. Üçüncüsü, müxtəlif təhlillərə və Türkiyədəki əvvəlki təcrübələrə görə, iqtidar partiyasının bələdiyyə seckilərində daha az səs toplayacağı və hətta bəzi böyük şəhərləri itirmə ehtimalı var. Bu ehtimalın reallaşması “Cümhur İttifaqı”nın prezident və parlament seçkilərində qalib gəlməsi üçün ciddi risk yarada bilərdi. Belə aydın olur ki, bu məqam “Cümhur İttifaqı” üçün qərar vermə prosesində aktual səbəblərdən biri olub”.

Analitik üçüncü səbəblərin xarici səbəblər olduğunu vurğulayıb:

“Digər ikisi qədər həlledici olmasa da, bu məqamı da qeyd etmək vacibdir. Həm cənab Baxçalı, həm də cənab Ərdoğanın çıxışlarında bu amilə edilən vurğuları unutmaq lazım deyil. Bu qrup altında da iki səbəb saymaq olar. Əvvəla, iqtidar qısa müddət sonra növbədənkənar seçki keçirməklə Türkiyədəki seçkilərə xarici müdaxilə imkanlarını minimallaşdıma imkanı əldə etdi. Nəzərə almaq lazımdır ki, Türkiyədəki seçkilər başda Qərb olmaqla xarici aktorların hər zaman diqqət mərkəzində olur. Bugünki mənzərədə bu xarici maraq və fəallığın xüsusilə iqtidar əleyhinə fəallaşma olaraq gündəmə gəlməsi daha aktualdır. Düzdür, AKP daha əvvəl bu cür mudaxilələri öz lehinə səsə çevirə bilmişdi. Ancaq hər səsin vacib olduğu, iqtisadi amilin həssaslaşdığı və yeni siyasi aktorların gündəmə gəldiyi bir dövrdə növbəti xarici fəallığın prezident seçkilərinə təsiri iqtidar üçün ciddi problemlər yarada bilərdi. İkincisi, yeni seçkilərdən qalib çıxmaq hakimiyyətin xüsusən, Qərblə münasibətlərdə legitimliyini gücləndirə və qarşılıqlı münasibətlərdə gücünü daha da artırma fürsəti yarada bilər. Beləcə, Qərbə “AKP iqtidarı daha 5 il Türkiyədə iqtidarda olacaq. Ona görə də bizimlə hesablaşın” mesajı verilməsi nəzərdə tutulur”.

Ekspert daha sonra deyib:

“Təbii ki, qeyd etdiyimiz səbəblər “Cümhur İttifaqı”nın seckilərdə qalib gəlməsi halında mənalı olacaq. Seçkinin nəticələri necə olacaq, bunu növbəti açıqlamalarda təhlil edə biləcəyik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər