13 Sentyabr 2023 18:30
2 170
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələlik Rusiya Qarabağda ermənilərin yaşadığı ərazilərə nəzarət edir. Fransanın dağıdıcı, Ermənistanın təhrikedici addımlarından sonra bölgədə elə vəziyyət yarandı ki, başda Araik Arutyunyan olmaqla Paşinyana bağlı şəxslər kənara çəkilməli oldular”.

Teleqraf.com-a açıqlamasında Natiq Miri belə deyib.

Onun sözlərinə görə, ortada bir oyun var və bunun müəllifi Rusiyadır:

“Rusiya göstəriş vermişdi ki, belə bir şou yaradılsın, guya Qarabağdakı əhali yükün keçirilməsinə etiraz edir. Rusiya istəyirdi ki, gətirdiyi TIR Ağdam-Xankəndi yolundan keçdikdən sonra Laçın yolu da açılsın. Bu yolun açılması ilə Rusiya bütövlükdə Ermənistandan gələcək yüklərin daşınmasına da nəzarət etmək istəyir. Bununla da Ermənistanın ona qarşı ittihamlarını aradan qaldırmaq niyyətindədir.
Rusiya bir neçə gün “ermənilər etiraz edir” şousu ilə prosesi ləngitmək istədi ki, Laçın yolunun açılmasına zəmin yaransın. Əlbəttə, Azərbaycan bu hiyləni anladı, bu oyuna gəlmədi. Anlaşma sentyabrın 1-də ABŞ-ın təşəbbüsü ilə baş tutan razılaşma kontekstində həyata keçməli idi. Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ilk olaraq Ağdam-Xankəndi yolu ilə humanitar yükləri daşımalı, ardınca Laçın yolu açılmalıydı. Rusiyanın təhriki ilə “görünməyən əllər” buna imkan vermədi”.

Natiq Miri hesab edir ki, Putinin bəzi reallıqları dilə gətirməsi onun əsas hədəfi, məqsədi deyildi:

“Onun istəyi Ermənistan rəhbərliyinin Rusiyaya qarşı ittihamlarını boşa çıxarmaq və Paşinyanı Ermənistan xalqının hədəfə gətirməkdir. Putin bunu açıq formada deyə bilmir. Anlayır ki, Ermənistan cəmiyyəti son illərdə çox ciddi şəkildə anti-Rusiya əhval ruhiyyəsinə köklənib. Sorğular da göstərir ki, Ermənistan əhalisinin çoxu Rusiyaya nifrət edir, Qərbə inteqrasiya xəttini dəstəkləyir.
Rusiya yaxınlarda siyasətşünaslarını, bəzi media mənsublarını Ermənistana göndərmişdi. İrəvanda bu çərçivədə bir forum təşkil olunurdu ki, anlaşmazlıqlar aradan qalxsın. Amma Ermənistan rəhbərliyi rusiyayönlü bloqerləri həbs etməklə buna tərs cavab verdi.
Moskvada Rusiyanın erməni ictimai rəyində nə qədər nüfuzdan düşdüyünün fərqindədirlər. Putin istədiyi budur ki, bu durum Rusiyanın xeyrinə, Paşinyanın əleyhinə dəyişsin. Ancaq bunun mümkün olmadığını düşünürəm, Paşinyanın daxildəki reytinqi hələ də yüksəkdir”.


Müəllif: Əsəd Məmmədəliyev