20 Mart 22:12
33 000
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Rusiyanın vasitəçiliyi olmadan Azərbaycanla Ermənistan arasında danışıqlar aparılmasının əleyhinədir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyanın 4 kəndin Azərbaycana geri qaytarılmasıyla bağlı son açıqlamaları Kremlin narahatlığına səbəb olub:

“Rusiyalı rəsmilər və deputatların buna görə İrəvan əleyhinə açıqlamaları artıb. Rusiya Prezidenti Vladimir Putin Paşinyanı bugünə qədər ona görə tənqid edir ki, məhz Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Qarabağın “itirilməsi”nə şərait yaratdı. Yəni Kreml sahibinin sözlərindən çıxan nəticə budur ki, Paşinyan Qarabağı Azərbaycan ərazisi olaraq tanımaqla “səhv”ə yol verib.

Rusiya rəsmiləri bu dəfə Paşinyanı 4 kəndi Azərbaycana qaytarmağa hazırlaşmasına görə tənqid edirlər. Onlar hesab edirlər ki, həmin kəndlərin Azərbaycana təhvil verilməsi Ermənistanın kommunikasiya xətlərinin təhlükə altına keçməsinə şərait yaradacaq. Halbuki Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, həmin kommunikasiya xətlərinə heç bir təhlükə olmayacaq. Sülh sazişi bu xətlərin təhlükəsizliyinin təminatçısı olacaq.

Kreml Rusiyanın vasitəçiliyi olmadan Azərbaycanla Ermənistan arasında danışıqlar aparılmasının da əleyhinədir. Nə Bakı, nə də İrəvanın Rusiya və digər dövlətlərin timsalında vasitəçiyə ehtiyacı var. Birbaşa əlaqə müsbət nəticələr verir”.


Müəllif: Mənsur Rəğbətoğlu