Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Bakı Regional Mərkəzi tərəfindən Azərbaycan Memarlıq və İnşaat Universitetində “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
Teleqraf.com xəbər verir ki, dərsin keçirilməsində məqsəd müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.
Dərsdə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Nümunəvi dərsi giriş sözü ilə açan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, professor Akif Qasımov bu tipli maarifləndirici tədbirlərin həm professor-müəllim heyəti, həm də tələbələr üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Daha sonra çıxış edən Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu yöndə aparılan işlərdən, müxtəlif maarifləndirici-nümunəvi tədbirlərin təşkilindən geniş söhbət açıb.
Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslaydlar və videoçarxlar nümayiş etdirilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.