Rusiya ordusu Donetsk vilayətinin Çasiv Yar şəhərini ələ keçirmək cəhdlərini dayandırmır. Rusiya saysız-hesabsız qüvvələrini döyüşə atmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” yazır.
ABŞ nəşri bildirir ki, Donetskin Çasiv Yarın ətrafında yerləşən son şəhərləri təkcə mühüm müdafiə qalaları deyil. Bu şəhərlərdə yüz minlərlə dinc sakin yaşayır. Bir çoxu da Ukraynada silah istehsalında mühüm rol oynayan sənaye sahələrində çalışırlar.
“Çasiv Yar ələ keçirilsə, bu yaşayış məntəqələrinin bəziləri Rusiya artilleriyasının əhatə dairəsində qalacaq”, - məqalədə deyilir.
Bundan əlavə, Rusiyanın Çasiv Yara nəzarəti Ukrayna ordusunun şərqdəki əsas təchizat mərkəzi olan və cəmi bir neçə kilometr aralıda yerləşən Kostantinivkaya da təhlükə yaradacaq.
Hərbi ekspert Sergey Qrabskinin sözlərinə görə, Kostantinivkadakı dəmir yolu Ukraynanın şərqdə təchizatı və dəstəyinin əsasını təşkil edir. Ruslar şəhərin əsas stansiyasına raketlər atsalar da, qatarlar hələ də hərəkət edə bilirlər.
Bununla yanaşı, analitiklər iddia edirlər ki, Çasiv Yar işğal edilsə belə, Donetskin son şəhərləri uğrunda döyüşlər uzun və şiddətli olacaq.