27 Aprel 11:41
2 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı fikir ayrılıqları çox idi. Hazırkı situasiyada tərəflərin mövqeyi indiyədək heç vaxt olmadığı qədər yaxınlaşıb".

Bunu Teleqraf.com-a siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, tərəflər sülh sazişi haqqında Niyyət protokolu imzalaya bilər:

"Ermənistan çalışır ki, delimitasiyanın hansı prinsiplərdə aparılmasını situasiyaya daxil etsin. Bu məsələdə fikir ayrılığı var. Tavuşda Almatı bəyannaməsinə uyğun delimitasiya aparılsa da, sərhədin digər ərazilərində bu cür olmayacaq. Vacib məsələ kommunikasiyaların açılmasıdır. Çünki Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı var. Amma Azərbaycanın mövqeyi bəllidir ki, bu olmazsa, normallaşma mümkün olmayacaq. Niyyət protokolu imzalanarsa, bu məsələ sonrakı dövr üçün müzakirə edilməyə başlayacaq. Əsas proses sülhlə bağlı ilkin sazişdə Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Prezident İlham Əliyev bunu bir neçə dəfə açıqlayıb. Axırıncı çıxışında da bildirdi ki, konstitusiya mütləq dəyişdirilməlidir. Orada açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları var. Konstitusiyada qeyd olunur ki, Ermənistan Müstəqillik Bəyannaməsinin müddəalarını icra etmək dövlətin vəzifəsidir. Yəni hakimiyyətdə olan qüvvə mütləq onu icra etməlidir. Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad var. Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi, yəni qondarma miatsumun yerinə yetirilməsi tələb kimi qoyulur. İndiki halda Azərbaycanın haqlı mövqeyi var. Çünki bu konstitusiya dəyişdirilməsə və sülh sazişi imzalansa, bu deməkdir ki, sonrakı prosesdə Ermənistanda hakimiyyət dəyişə bilər və yeni gələn hakimiyyət ölkənin ana qanununu əsas götürərək, həm sülhdən imtina edə, həm də Qarabağ müharibəsini yenidən təkrarlamağa can ata bilər. Prezident bunu yenidən gündəmə gətirdi. İlham Əliyev reallıqdan danışır. Ermənistanda proses müəyyən qədər başlamışdı. Müqavimət gördülər deyə saxladılar. Paşinyan hakimiyətinin mövqeyi də bundan ibarətdir ki, konstitusiya dəyişdirilməlidir. Yekun sülh sazişi konstitusiya dəyişdirildikdən sonra imzalana bilər”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər