19 İyun 2023 16:31
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Dilarə Əliyeva ATV-də yayımlanan "Müasir televiziya ocağı" adlı sənədli filmdə mərhum həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Oqtay Əliyev haqqında fikirlərini bölüşüb.

Teleqraf.com xəbər verir ki, Dilarə Əliyeva bu sözləri bildirib: "Bu gün sənin ad günündür, Oqtay. Hər ad günü öncəsi səndən soruşardım ki, nə istəyirsən, sənə alım. Deyirdin, yox, bu olmadı, istədiyimi özüm ala bilirəm, sürpriz olanda maraqlı olur. Mən də həmişə çalışırdım ki, səni təəccübləndirim. Sənin də xoşuna gəlirdi. Deyirdin, bax, bu başqa məsələ, dərsindən beş. Sən də dərsindən beş idin.

Bu gün 55 yaşın tamam olur. Ağlıma belə gəlməzdi ki, iki beş yan-yana gələndə sən özün yanımızda olmayacaqsan. Hər yenilik birinci sənin ağlına gəlirdi. Dəyişikliyi çox sevirdin. Bəs, dünyanı dəyişmək haradan ağlına gəldi, Oqtay?

Sənsizlik çox bilinir. Hamının halına yanırdın, onlar başına yığışırdı. Sanki heç vaxt sönməyən ocaq idin. Tüstüsü olmayan ocaq. Yenə də ocağına toplaşmışıq, səni yad edirik. Ailənə, yaxınlarına, əzizlərinə həmişə möhkəm olmağı tapşırırdın. Doğrudanmı bizi tərk etməyə hazırlaşırdın?

Novruz bayramı günü yadından çıxıb fişəngi partlada bilməmişdin, narahat idin. Səhəri gün çox narahat idin və dedin ki, tez gedib fişəngi partladaq. Yolda sənə dedim ki, yuxuda fişəngi partlatmaq istədim, amma orada da edə bilmədim. Güldün, dedin ki, mənsiz etmək istəyirdin?

Bağışla Oqtay, fişəngi sənsiz partladacağam. Hazırlaş, bu dəfə nizamımımız belə olacaq. Mən yuxarı, sən isə aşağı baxacaqsan. Sonuncu dəfə gülümsə, Oqtay! Sənsiz çox darıxırıq. Hələlik".

Qeyd edək ki, Oqtay Əliyev bu ilin mart ayında avtomobil qəzasında dünyasını dəyişib. Qəza zamanı Dilarə Əliyeva və xalq artisti Mehriban Zəki də avtomobildə olublar.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər