2 Mart 17:43
4 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astronomlar Günəş sisteminin ətrafında gözdən uzaqda gizlənən, əvvəllər məlum olmayan üç planet peyki aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, təbii peyklər ən uzaq iki planetin - biri Uran, ikisi Neptunun ətrafında fırlanır.

Beləliklə, bu planetlərin orbitlərində aşkar edilmiş peyklərin ümumi sayı artıq müvafiq olaraq 28 və 16-ya çatır.

Yeni kəşf edilən üç peyk bu iki buz nəhənginin ətrafında indiyə qədər tapılan ən zəif peyklərdir.

Kəşfə imza atan “Karnegi” İnstitutunun astronomu Skott Şeppard deyib:

“Uranın yeni peyki S/2023 U1 adlanır, amma adı Uranın bütün digər peykləri kimi Şekspirin pyeslərindən birinin personajının şərəfinə dəyişdiriləcək. Diametri təxminən 8 kilometrdir, planeti ətrafında 680 gündə bir dəfə fırlanır”.

Neptunun iki yeni peyki S/2002 N5 və S/2021 N1 adlandırılıb, amma yunan mifologiyasının dəniz ilahələrinin isimləri veriləcək. S/2002 N5-in diametri təxminən 24, S/2021 N1-in isə təxminən 14 km-dir.

Gənc peyklərin də öz planetlərinin digər kiçik peykləri ilə oxşar orbitlərə sahib olduqları aşkar edilib, bu da onların qədim kometlər və ya asteroidlərlə toqquşma nəticəsində parçalanmış eyni protomun fraqmentləri ola biləcəyini göstərir.

Uranın yeni peyki ötən il noyabrın 4-də Çilidə “Magellan” teleskopları tərəfindən kəşf olunub. Neptunun peykləri isə 2021-ci ilin sentyabrında “Magellan” və “Subaru” teleskopları tərəfindən tapılıb.


Müəllif: Mənsur Rəğbətoğlu