Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- 8 may Şuşanın işğal gününü 29 ildən sonra Zəfər bayramı kimi qeyd edirik. Bu haqda nələr demək istərsiniz?
- Əlbəttə ki, çox böyük bayramdır. İlk növbədə öz Odumuza, silahlı qüvvələrimizə, Ali Baş Komandanımıza təşəkkür edirəm. Şuşa uğrunda mübarizədə neçə-neçə əsgərlərimiz öz canlarını qurban etdilər, şəhid oldular. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şuşanın mayın 8-də işğal gününü bu gün Qələbə günü kimi qeyd edirik.
- Mədəniyyət paytaxtımız Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Festivalla bağlı fikirlərinizi bilmək istərdik...
- Bəli, Şuşada "Xarıbülbül" musiqi festivalı baş tutacaq.
"Xarıbülbül" festivalının keçirilməsi dövlət başçımız İlham Əliyevin Şuşanı mədəniyyət paytaxtımız elan etməsindən sonra çox mühüm tədbirdir.
Şuşa hər bir azərbaycanlı üçün müqəddəsdir. Cənab prezident çıxışında "Şuşasız bizim qələbəmiz natamam olardı" demişdi. Mədəniyyət paytaxtımız olan Şuşada musiqi bayramı keçiriləcək. Ümummili lider Heydər Əliyev 1977-ci ildə Şuşanın tarixi məkan kimi tanıtımını etmişdi. 29 illik işğaldan sonra musiqi bayramımızı qeyd edəcəyik. Bu çox sevindirici haldır. Allaha sonsuz şükürlər olsun.