2 May 19:13
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Ağdama səfəri başa çatıb.

Teleqraf.com xəbər verir ki, səyyahlar Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçiriblər.

Bildirilib ki, Ermənistanın işğalına qədər Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb. Səyyahlar Ağdam cümə məscidi, çörək muzeyi, Dram Teatrının qalıqlarının olduğu ərazidə olublar.

Sonda səyyahlar Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Onlara məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib.

Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar. Bununla da səyyahların Ağdama səfəri başa çatıb.

Qeyd edək ki, mayın 2-də Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin bu gündən Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Qrupa “Vagaclub”un rəhbəri, 35 yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir.

Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli “Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.


Müəllif: Teleqraf.com